“Toyuq-cücə saxlamaqla başımı qatıram” - 82 yaşlı Xalq artisti

 “Toyuq-cücə saxlamaqla başımı qatıram” -  82 yaşlı Xalq artisti
  02 İyul 2020    Oxunub:20019
"Toyuq -cücələrim var. Həyat yoldaşımla birlikdə onlara qulluq edib başımızı qatırıq".
Bunu Azvision.az -a Xalq artisti Tariyel Qasımov deyib. Aktyor bildirib ki, karantin günlərini Ağstafada keçirir.

"Koronavirusdan qurtulmağın yeganə yolu deyilənlərə əməl etməkdir. Maska taxmağı, sosial məsafəni qorumağı vərdişə çevirmək lazımdır. Ehtiyac olmadıqda küçələri dolaşmaq lazım deyil. Biz qocalara xüsusən, ictimai yerlərdə olmağa icazə vermirlər. Mənim 82 yaşım var, risklidir.

Hazırda həyat yoldaşımla birgə Ağstafadayam, yollar bağlanıb, Bakıya geri qayıda bilmirəm, amma burada günlərim pis keçmir. Gözəl, geniş həyətim, evim var. Bütün günü evdə oluram. Heç yerə çıxmıram. 2 aydan çoxdur ki, buradayam. Həyat yoldaşım çoxlu toyuq-cücə saxlayır, başımız elə cücələrə qarışır. Həyətimdə 30-dan çox cücə var. Yoldaşıma deyirəm, biz Bakıya qayıdacağıq, bu qədər cücəni neynəyirsən? Deyir, daha nə ilə məşğul olaq?

Hazırda oğlum Bakıdadır, Bakı Film Studiyasında işləyir. Amma karantinə görə fəaliyyət göstərə bilmirlər. O da evdə oturur".

Aktyor karantin günlərində darıxmadığını söyləyib: "Rayonda böyük kitabxanam var. Əvvəllər oxuduqlarımı bir də vərəqləyirəm. İnternet vasitəsi ilə yutuba girirəm, köhnə kinolarıma baxıram, dünya ölkələrinin vəziyyəti ilə maraqlanıram. Darıxmıram, günüm məhsuldar keçir".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: TariyelQasımov  





Xəbər lenti