Könüllü qəhrəmanların növbəti görüşü keçirilib

Könüllü qəhrəmanların növbəti görüşü keçirilib
  02 İyul 2020    Oxunub:2506
İyulun 1-də ölkənin dörd bir yanından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə videoformatda növbəti konfrans keçirilib.
AKƏM-dən Azvision.az -a bildirilib ki, “Könüllü qəhrəmanların iyun görüşü” adı ilə keçirilən videokonfransda iyun ayında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərlə bağlı məlumat verilib, növbəti aylar üçün nəzərdə tutulan işlər və təklif olunan fəaliyyət planında dair müzakirələr aparılıb.

Görüşdə bildirilib ki, iyunda da AKƏM-in fəaliyyəti çərçivəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə dəstək xarakterli bir sıra layihələr və aksiyalar həyata keçirilib. Dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, respublikanın şəhər və rayonlarında, o cümlədən Bakıda “Bir-birimizi qoruyaq!” aksiyası keçirilib və aksiya çərçivəsində ümumilikdə 552 könüllünün iştirakı ilə 400 mindən artıq vətəndaş maarifləndirilib və onlara tibbi maska, əlcək, qoruyucu ləvazimatlar və 200 mindən çox maarifləndirici bukletlər paylanılıb.

Könüllülər vətəndaşların maarifləndirilməsinə yaradıcı yanaşaraq, əhalinin çox olduğu məkanlarda vətəndaşlarla koronavirus və onunla mübarizə mövzusunda sorğu-viktorina keçiriblər. Həmçinin ümumilikdə 427 könüllünün iştirak etdiyi “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” adlı aksiyalar zamanı, respublikamızın şəhər və rayonlarında, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə aparılması və bukletlərin paylanması yolu ilə sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verilib. Bu aksiya çərçivəsində 102 min 500-dən çox vətəndaşa maarifləndirici məlumatlar çatdırılıb.

Bundan başqa, könüllülərin pandemiya dövründəki asudə vaxtının səmərəli təşkili və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə AKƏM tərəfindən "Evrika" intellektual oyun-müsabiqə da təşkil edilib. On gün müddətində GencApp mobil tətbiqi üzərindən həyata keçirilən müsabiqədə, könüllülərə hər gün müxtəlif suallar ünvanlanıb və qalib könüllülər mükafatlandırılıb.

Pandemiya ilə mübarizədə ölkəmizi sağlam gələcəyə qovuşdurmaq üçün misilsiz fədakarlıq göstərənlər arasında ilk sırada tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, hərbçilər və digər peşə sahibləri dayanır. Azərbaycan könüllüləri bu çətin günlərdə gecə-gündüz bilmədən vətəndaşlarımızın sağlamlığının və ictimai asayişin keşiyində duranlara təşəkkürlərini bildirmək məqsədilə iyunda “Könüllüdən təşəkkür məktubu” adlı aksiya da həyata keçirib.

İyunun təqvimində şanlı izlər buraxan tarixi hadisələr də yaddan çıxarılmayıb, karantin rejimi nəzərə alınaraq, bu günlərə həsr edilmiş konfrans və tədbirlər onlayn formatda keçirilib. Milli Qurtuluş Günü münasibətilə təşkil edilən “Şərəfli tariximiz” adlı onlayn tədbirdə müxtəlif təşkilatları təmsil edən könüllülər tərəfindən ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, ölkənin gələcəyi üçün məsuliyyəti üzərinə götürərək, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə hazırda qazanılan uğurların əsasını qoyduğu diqqətə çatdırılıb. Onlayn tədbir 7 mindən çox gənc tərəfindən izlənilərək uğurla yekunlaşıb.

Görüşün sonunda iyunda xüsusi fəallığı ilə seçilən otuz könüllü “Ayın könüllüsü” adına layiq görülüb və mükafatlandırılıb.

Azvision.az


Teqlər: Könüllü  





Xəbər lenti