“Azərsu” sədri su qıtlığının səbəbini açıqladı

“Azərsu” sədri su qıtlığının səbəbini açıqladı
  01 İyul 2020    Oxunub:2749
"Hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir".
Azvision.az xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

O bildirilib ki, Prezident İlham Əliyev əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi diqqət yetirir. “Su həyat deməkdir, təmiz su sağlam həyat deməkdir” fikrini irəli sürən dövlət başçısı son illər Bakı şəhəri və Abşeron yarımadası, respublikanın bir sıra şəhərlərinin, 210-dan çox kəndinin içməli su təchizatının yaxşılaşdırılmasıyla bağlı çoxsaylı sərəncamlar imzalayıb.

"Regional inkişaf proqramlarında əhalinin içməli su təminatının yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Görülən işlər əhalinin həyat şəraitini xeyli yaxşılaşdırıb. Bu ilin aprelində imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Komissiya yaradılıb. Pandemiya rejiminə baxmayaraq Komissiya qısa zamanda çox böyük işlər görüb. Eyni zamanda uzun illərdən bəri hazırlanmayan su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib. Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Bu sənəddə ölkə üzrə olan bütün suların uçotu, qeydiyyatı, hərəkəti, itkiləri və səmərəliliyi tam qiymətləndirilə biləcək", - deyə ASC sədri vurğulayıb.

Azvision.az


Teqlər: Azərsu   Sədr   Qorxmaz-Hüseynov  





Xəbər lenti