Ötən mövsüm AzTV üçün nə ilə yadda qaldı?

Ötən mövsüm AzTV üçün nə ilə yadda qaldı?
  01 İyul 2020    Oxunub:2559
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən AzTV, Mədəniyyət TV və İdman TV-nin 2019-2020-ci illər üzrə fəaliyyətini kifayət qədər zəngin və uğurlu hesab etmək olar.
Azvision.az -ın məlumatına görə, təkcə AZTV-də 40-a yaxın yeni veriliş işıq üzü görüb. Bu verilişlərdən 4-ü xüsusi pandemiya dövründə ərsəyə gəlib. “#Evdəqal”, “Gündəlik”, “Koronavirusİnfo” verilişləri karantin dövründə əhalini maarifləndirmək, “Eyvana çıx” verilişi isə evdə qalan insanların vaxtını daha səmərəli və maraqlı keçirmələri məqsədilə hazırlanıb;

- 25-dən çox sosial çarx, 40-a yaxın bədii, sənədli film hazırlanıb. Həmin filmlərə iki hissəli “Zəng” komediyası, “Son gecə”, “Sonuncu”, “Yada saldıqda səni”, həmçinin, “Məmləkətim”, “Şəhərin iç sədası”, “Kəlağayı”, “Şəhidlər”, “Xocalı yol gözləyir”, “Ana və poçtalyon”, “Polkovnikin əmanəti”, “Torpaq”, “Bir dəniz hünər”, “Qoca qartalın əbədi uçuşu”, “Xalça”, “Qəlb şairi”, “Yuxu kimi”, “Yarımçıq nəğmə” və digərlərini misal göstərmək olar. Hazırda Xurşidbanu Natavan və Əbdürrəhim bəy Haqverdiyevlə bağlı, “Millət dostları” adlı filmlər üzərində isə iş gedir;

- Kanalın maddi-texniki bazasının gücləndirilməsi, xüsusən HD yayıma keçidlə bağlı mühüm addımlar atılıb, yeni efir otağı, şəbəkə sistemi yaradılıb və yaxın gələcəkdə tamaşaçılar keyfiyyətcə yeni yayım formatını hiss edəcəklər. Eləcə də kanalın çəkiliş kamerası və montaj avadanlıqları bazası daha da zənginləşdirilib;

- 10-dan çox yeni və müasir tələblərə cavab verən studiya tikilib və proses bu gün də davam edir;

- AzTV, “Mədəniyyət” kanalı və İdman TV rebrendinq olunub, qrafik göstəricilər yenilənib;

- Hər üç kanalın avtomobil təsərrüfatı da tamamilə yenilənib və s.

MƏDƏNİYYƏT TV-yə gəlincə:

- Mədəniyyət TV-dəki 12-dən çox yeni layihə ölkəmizin mədəni-ideoloji həyatını təbliğ edir;

- Kanal son bir il ərzində 300-ə yaxın tədbir təşkil edib, konsertlər, tamaşalar, telelayihələr reallaşdırılıb;

- Görkəmli mədəniyyət xadimləri ilə bağlı telehəftələr baş tutub;

- Kanal ilk dəfə keçirilən Azərbaycan Vokalçılar Festivalının təşkilatçılığını edib;

- Bununla yanaşı, pandemiya dövründə “Bizi birləşdirən Mədəniyyət” şüarı altında yeni layihə efirə gedib və s.

İDMAN TV-də:

- “Pelaton” intellektual idman oyunu, kiçiklər üçün “Sabahın ulduzları”;

- Pandemiya dövründə “Evdə qal, idmansız qalma”, “Geri dönüş”, “Ulduzların yarışı” kimi telelayihələr reallaşıb;

- Futbol üzrə İngiltərə və Almaniya çempionatlarının yayımlandığı İdman TV-nin “İdman və Media” verilişi 2019-cu ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman proqramı” mükafatına layiq görülüb.

Teleradio Akademiyası

İlin əsas uğurlarından biri də Akademiyanın fəaliyyətini təkmilləşdirmək və peşəkar tədris sistemi yaratmaq olub. İl ərzində Akademiya 2 dəfə məzun buraxılışını reallaşdırıb. Məzun adını qazanmış və fərqlənmiş 20-dən çox gənc hazırda TV-nin uğurları istiqamətində çalışır. Gələn il tədris mərkəzinin fəaliyyətini daha da təkmilləşdirmək, yerli və əcnəbi mütəxəssislərin bilik və bacarıqlarından maskimum istifadə etmək planlaşdırılır. Qarşıda duran başlıca məqsəd yalnız QSC-də deyil, respublikada fəaliyyət göstərən digər kanallarda çalışan həmkarlarımızın da Akademiyanın imkanlarından yararlanmasına şərait yaratmaqdır.

Rəsmi internet saytı və sosial şəbəkələr

Bu gün “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin fəaliyyəti həm yenilənmiş aztv.az saytında, həm də sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılır. Tamaşaçılar gündəlik xəbərləri və əməkdaşlarımızın hazırladığı maraqlı reportajları, verilişlərdən maraqlı hissələri artıq rəsmi internet saytından da izləyə bilərlər.

Lakin mövsüm hələ bitməyib və koronovirusla bağlı mövcud vəziyyətə baxmayaraq, hər üç kanalda yeni layihələr (“Təbiətlə üz-üzə”, “Milli qəhrəman” və s.) hazırlanır. Gələn həftədən etibarən isə AzTV-də şənbə və bazar günləri gecə saatlarında estrada ulduzları və muğam ustalarının canlı konsertləri yayımlanacaq. Lakin əsas məqsəd yeni mövsümdə tamaşaçıları yaxşı mənada təəccübləndirməkdir. Artıq konkret verilişlər də məlumdur və hazırda çəkiliş prosesləri davam edir. Yeni layihələr barədə isə sentyabrda məlumat veriləcək. Hələlik isə onu bildirək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC hər zaman olduğu kimi, növbəti mövsümdə də dövlətimizin milli maraqlarının qorunması, milli dəyərlərin və vətənpərvərlik prinsiplərinin cəmiyyətdə təbliği istiqamətində öz fəaliyyətini davam etdirəcək.

Azvision.az


Teqlər: AzTV  





Xəbər lenti