Bakının icra başçıları haradandırlar?

Bakının icra başçıları haradandırlar?
  16 Yanvar 2014    Oxunub:10270
Paxtaxtın icra başçıları haralıdır?

Azərbaycanda söz sahibi olan icra başçıları haqda məlumatlar daim ictimaiyyətin diqqətindədir. Onların tərcümeyi-halından tutmuş gördüyü işlər, ailə-məişət söhbətlərinə qədər istənilən informasiya insanlar tərəfindən maraqla qarşılanır, günün müzakirə mövzusuna çevrilir. Elə icra başçıları da var onları təkcə rəhbərlik etdikləri bölgələrdə deyil, Azərbaycanda A-dan Z-yə hər kəs tərəfidən tanınır.

Məsələn, çox az adam tapılar ki, Bakı meri haqqında bilgiyə malik olmasın. Yaxud da Gəncənin, Sumqayıtın icra başçısını tanımasın.

Diqqət yetirsək görərik ki, çox nadir hallarda icra başçıları öz doğulduğu, böyüyüb boya-başa çatdığı rayonlara təyinat alır. Rayonlarda sözü qılıncdan iti olan başçıların demək olar ki, başqa rayonlardan, başqa bölgələrdən olanlardır. Məsələn, Bakıda. Paytaxtda yerləşən rayonların icra başçılarından biri, yaxud ikisi Bakılıdır, yerdə qalanları isə bölgələrdən gələn məmurlardır.

AzVision.az bu dəfə Bakı rayonlarının icra başçıları haqda maraqlı məlumatları oxuculara təqdim edir.

Bakının 11 rayonunun icra başçıları kimlərdir?Onlar hansı peşənin sahibidirlər? Bakını idarə edənlər özləri əslən Bakılıdırmı?

Nazirin qohumu, jurnalistlərin dostu

Başlayaq paytaxın ən böyük rayonlarından olan Binəqədidən. Rayon icra başçısı mətbuata yaxın münasibəti ilə seçilən Xaləddin İsgəndərovdur. 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan icra başçısı 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakultəsini bitirib.

O, 2012-ci ildən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə Vergilər Nazirliyində yüksək vəzifə tutub. Vergilər naziri Fazil Məmmədovla yaxın qohumdur.

Bakının bakılı icra başçısı

Əslən Bakılı icra başçısı Xəzər rayon İcra Hakimiyyətinin başçısı İslamov Gülağa Bayram oğlu 19 dekabr 1948-ci ildə dünyaya gəlib. Bakı şəhərində anadan olan G.İsmayılov ali təhsillidir, Poltava Kooperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib. 1995-ci ildən hal-hazırkı vaxtadək Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısıdır.

YAP-çı icra başçısı

Xətai rayonunun icra başçısı Razim İsa oğlu Məmmədovdur. Mətbuatda ara-sıra adı qalmaqalda hallanan icra başçısı 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

İdmançı Süleyman Mikayılov...

Qaradağda ən yüksək vəzifə tutan Süleyman Mikayılov da yerli mətbuata tanış məmurlardandır. 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub.

S.Mikayılov1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

“Fəhlə işlədi, icra başçısı oldu”

Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin Ələsqər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

Balakənli lider....

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu də bakıdan olmayan icra başçılarındandır. 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib.

2006-cı il tarixdən hal-hazırki vaxtadək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır.

Keçmişin nazir müavini indinin icra başçısı

Nizami Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Yaqub oğlu Budaqov da ictimaiyyətə kifayət qədər tanınan şəxsdir. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 3-cü dərəcə dövlət müşaviridir.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

Hardan-hara: çilingər işləmiş icra başçısı

Sabunçu Rayon İcra Başçısı Vəliyev Adil Ənvər oğlu 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib.

Naxçıvandan gələn məmur

Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon İcra Başçısı vəzifəsinə təyin edilib.
2009-cı idən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb.

Biznesmen icra başçısı

İlqar Abbasov Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb. İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib.

Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

Ağdaşlı İbrahim Mehdiyev

Yasamal rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Ağdaş rayonunda anadan olub. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib. 2000-ci ildən .2006-ci ilədək Xətai rayon İcra Hakimiyyətinin başçısı, 2006-cı ildən indiyə kimi Yasamal rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti