Bir ayda 214 hərbi sursat zərərsizləşdirilib

Bir ayda 214 hərbi sursat zərərsizləşdirilib
  01 İyul 2020    Oxunub:2374
Cari ilin iyununda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 731 min 34 kvadratmetr (73,1 ha) ərazi yoxlanılıb, 214 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd tank əleyhinə mina (cəmi: 219 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan Azvision.az -a bildirilib ki, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 116 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İyunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən - 17 (on yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 3 (üç), Rayon Polis şöbələrindən (RPŞ) - 3 (üç) müraciət daxil olub (cəmi: 26 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 min 730 kvadratmetr ərazi yoxlanılıb, 46 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544 milyon 786 min 682 kvadratmetr (54 478,67 ha) ərazi təmizlənib, 807 min 819 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyunda Ağstafa rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti