XİN: Heç bir təxribat cavabsız qalmayacaq

    XİN:  Heç bir təxribat cavabsız qalmayacaq
  27 İyun 2020    Oxunub:4452
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi deyib: “Demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərə əməl edə bilməməsi, özündən əvvəlki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistanın baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir.

Ermənistanın baş nazirinin son bəyanatları və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı son təxribat və təhrikçi əməllərini necə izah etmək olar?!”.

L.Abdullayeva vurğulayıb ki, təcavüzkar Ermənistan rəhbərliyi heç bir təxribatın cavabsız qalmayacağından əmin olmalıdır: “Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək”.

Azvision.az


Teqlər: XİN   Ermənistan   Qarabağ  





Xəbər lenti