Naxçıvanda Təhlükəsizlik Şurasının iclası keçirilib

Naxçıvanda Təhlükəsizlik Şurasının iclası keçirilib
  26 İyun 2020    Oxunub:2797
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, müstəqillik dövründə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Ali Məclisin Sədri qeyd edib ki, görülən işlər sırasında ordu quruculuğu mühüm əhəmiyyət daşıyır:

"Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərar Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması oldu. Həmin dövrdə qəbul olunan bu qərar Naxçıvanın müdafiəsi ilə yanaşı, həm də ölkəmizin ordu quruculuğu tarixində mühüm mərhələdir. 1992-ci il sentyabrın 15-də Dövlət Milli Müdafiə Komitəsinin bazasında 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada, 1995-ci il mayın 21-də isə motoatıcı briqadanın nəzdində motoatıcı diviziya yaradıldı. O dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Naxçıvanda diviziyanın yaradılması böyük qətiyyət tələb edirdi. 1998-ci ilin dekabrın 8-də isə Naxçıvan ordu korpusu yaradıldı. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövrün tələbinə uyğun olaraq ordu quruculuğu sahəsində görülən işlər bütün sahələrdə inkişafı təmin etmişdi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”. Bu gün Ulu Öndərimizin ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu dünyanın güclü orduları sırasında öz yerini tutub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanı ilə 5 saylı ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb".

V.Talıbov vurğulayıb ki, son illər muxtar respublikada ordu quruculuğu sahəsində görülən tədbirlər, Günnüt əməliyyatı, Sədərək rayonunda torpaqların işğaldan azad olunması, sərhədlərin möhkəmləndirilməsi və digər tədbirlər bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması və fəaliyyəti mühüm əhəmiyyətə malikdir:

"Bütün bunlar ölkə Prezidentinin muxtar respublikanın müdafiə təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikada mərkəzi qərargah və təlim-tədris mərkəzi təşkil edilib, Silahlı Qüvvələrimizin Naxçıvandakı bütün ordu, birləşmə və hissələrinin daxil olduğu Naxçıvan Hərbi Qarnizonu formalaşıb, vahid fəaliyyət proqramı müəyyənləşdirilib. 26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu gün hər kəs ordumuzla qürur duyur, Silahlı Qüvvələr Günü bayram kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Hərbi Qarnizonunun rəisi Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik ali hərbi rütbəsi verilib, digər Sərəncamla isə 5 zabit orden və medallarla təltif olunub".

Ali Məclisin Sədri 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrimizin Naxçıvandakı ordu, birləşmə və hissələrinin şəxsi heyətini, onların ailə üzvlərini, şəhid ailələrini, müharibə veteranlarını, muxtar respublika əhalisini təbrik edib, general-polkovnik ali hərbi rütbəsini Kərəm Mustafayevə təqdim edib.



Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev çıxış edərək deyib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı hərtərəfli, məqsədyönlü siyasət nəticəsində ordumuz nəinki Cənubi Qafqazda, hətta Müstəqil Dövlətlər Birliyi məkanında öz gücü ilə seçilən ordudur. Ulu Öndərin böyük ruhu qarşısında baş əyir, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ali Məclisin Sədrinə minnətdarlığımı bildirirəm.

Azvision.az


Teqlər: Naxçıvan   İclas  





Xəbər lenti