İlham Əliyev: `NATO ilə yaxın tərəfdaş olmaq istəyirik`

İlham Əliyev: `NATO ilə yaxın tərəfdaş olmaq istəyirik`
  15 Yanvar 2014    Oxunub:1009
"Sülh naminə tərəfdaşlıq" proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.

- Mən NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrimizin davam etdirilməsindən çox şadam. Bu mənim NATO-nun mənzil-qərargahına beşinci səfərimdir və əməkdaşlığın səviyyəsini göstərir,- deyən İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin 2012-ci ildə Azərbaycana səfərini xatırladıb: "Bu gün bir çox məsələlər, ISAF-da iştirakımızla bağlı məsələlər üzrə müzakirələri davam etdiririk. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanın təhlükəsizliyinə sadiqliyimizi qoruyacağıq. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə səylərini davam etdirəcək: "NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir".

İlham Əliyev deyib ki, Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlıq edir və NATO-nun standartlarına uyğun olmaq üçün yenidən formalaşan Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara verdiyi dəstəyə görə alyansa minnətdardır: "Eyni zamanda, Azərbaycanda NATO-nun yardımı ilə ərazilərin minalardan təmizlənməsi üzrə layihələr həyata keçirilir".

Prezident qeyd edib ki, tərəflər, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: "Ermənistan və Azərbaycan arasında münaqişə regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdiddir. Biz tezliklə münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan həllini tapmalıyıq".

İlham Əliyev bildirib ki, bir aydan az müddət əvvəl Azərbaycan "XXI əsrin layihəsi" olacağı hesab edilən "Şahdəniz-2" layihəsi üzrə saziş imzalayıb: "Azərbaycan qazının Avropaya tədarükü üçün nəqliyyat infrastruktunun tikintisi tezliklə başlayacaq və Azərbaycan bu layihəni vaxtında həyata keçirmək məsuliyyəti və təşəbbüsünü öz üzərinə götürüb. Bu, Avropanın iri infrastruktur layihəsi olacaq enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı layihəsinə çevriləcək və onun mövcud layihədə iştirak edən ölkə və şirkətlərin əlavə koordinasiyasına ehtiyacı var".

Dövlət başçısının sözlərinə görə, beləliklə, NATO və Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir: "Bu gün NATO-nun baş katibi ilə əməkdaşlığın gələcək perspektivləri, onun dərinləşdirilməsi imkanları və gələcəkdə əməkdaşlığın yeni formalarının tapılması məsələsi müzakirə edilib. Biz, həmçinin gələcəkdə NATO üçün yaxın və etibarlı tərəfdaş olmaq istəyirik. Mən əminəm ki, bu belə də olacaq".


Teqlər:  





Xəbər lenti