Çip-çip cücələrim - Murad Köhnəqalanın yazısı

   Çip-çip cücələrim -    Murad Köhnəqalanın yazısı
  24 İyun 2020    Oxunub:44396
Sosial şəbəkələrdə paylaşılan videoroliklərə, məlumatlı adamların söylədiyinə görə, postpandemiya dövründə dünya tamam yenilənəcək. Qədim insanların "Allah göydən baxır" inancı tədricən reallaşacaq. Yəni, həqiqətən "Allah göydən baxacaq", insanların yaşayışına, davranışına, hər şeyinə-hər şeyinə nəzarət edəcək. Ancaq bu nəzarət işi ilə dinlərin söylədiyi gözəgörünməz qüvvə yox, müasir nanotexnologiyanın balası olan peyklər məşğul olacaqlar.
İddialara görə əvvəlcə hər bir adamın dərisinin altına “çip” adlandırdırılan elektron mikrobeyin qoyulacaq. Təbii ki, insan xarakteri saysız çeşidlidi, belə ki, ilkin dönəmdə çiplənməyə bəşər övladının hamısı xorla razılaşmayacaq. Ona görə insanları canı ilə sınağa çəkib, ölümlə üz-üzə qoyacaqlar. Yəni, ya bu qorxulu virusa tutulub ölməli, ya da dərinin altında çip gəzdirməyə razılaşmalısan. Ağ ciyərin virusdan şüşəyə dönməsi, nəfəs çatışmazlığı, ağ ciyərin çiliklənməsi və insanın ölməsi!

Hansı dəli belə bir ölümü seçər ki? Təbii ki, hamı ömrünün qalanını çiplənməyə razılaşacaq. Ancaq bu məsələdə bir balaca yanıla da bilərəm. Yəni, əsrimizin buna razılaşmayan "qəhrəmanları" da peyda ola bilər və peyvənd olunmağa razılaşmadan "qəhrəmancasına" ölə bilərlər. Olsun! Onsuz da yeni dövrümüz bu cür “qəhrəmanlıqları” çox soyuqqanlılıqla qarşılayacaq. O qəhrəmanlar bizim müasir, gözəl-göyçək dünyamıza heç lazım da deyil! Öz canıdı, özü bilər, buyursun, ölsün! Belə ağılsız addımlarla bizi öz inkişaf yolumuzdan döndərə bilməyəcəklər! Biz, artıq, kütləvi eyniləşməyə, bərabərliyə, sürüləşməyə, zombiləşməyə gedirik! Qoşulursansa gəl, qoşul, istəmirsənsə sıralarımızı tərk elə, keç o biri dünyaya, yəni, öl!

Həə, harda qalmışdım? Demək, lap yaxınlarda çipqoyma dünyada hamıya şamil ediləcək. Məsələn, bir kişi buna razılaşmasa, uşaqları ağlaşacaq ki, ay ata, nolar, razılaş, ölmə, birgə yaşayaq! O da balalarının xətrinə qolunu qoyacaq həkimin stolunun üstünə, vəssalam! Beləcə, suda-quruda yaşayan insanların hər biri məcburi çip gəzdirən olacaq. Ola bilsin, vaxt gələcək, bədənində ən çox çip gəzdirən qocalara "Əməkdar Çip Gəzdirən" medalı da verdilər. Nə isə, o da gələcəyin işidi, medal haqda düşünməyə tələsməyək.

Bu, belə getdimi?! İndi baxaq görək, çipli gələcəyimiz necə olacaq? Çipli adamın harda olması hər an peykə agah olacaq, kiminlə nə danışması çox rahat izləniləcək. Yəni, peykdən xəbərsiz bir yarpaq da tərpənməyəcək. Gör haa, həmin çiplər vasitəsilə insanları istənilən vaxt kütləvi şəkildə şənləndirə, kədərləndirə, aqressivləşdirə, passivləşdirə biləcəklər. İnsanlarda getdikcə "məni izləyirlər, məni dinləyirlər" deyə, daxili senzura yaranacaq ki, bu da kütləvi psixoza gətirib çıxaracaq. Dəlilərin, zombilərin sayı hər yerdə sürətlə artacaq. Fiziki, psixoloji möhkəm olan adamlar, belə demək mümkünsə, yəni, arsızlar cəmiyətin ən sağlam insanları sayılacaq.

Bu da belə getdimi?! Bəs, Azərbaycanda çipin ilkin fəsadları hansılar olacaq, bilirsinizmi? Məsələn, rüşvət ala bilməyən məmurlar müxtəlif bəhanələrlə yavaş-yavaş tutduqları vəzifədən sürüşüb aradan çıxacaqlar. "Quru maaşa işləmək mənəmi qalıb?" deyibən ərizələrini yazacaqlar. Beləcə, haram yolla pul qazanmağın qarşısı alındığına görə Azərbaycanda həyat öz dadını-tamını itirəcək, pul öz sehirli ətrini "kayb" edəcək. Bizdəki həyatın dadı yalnız haramdadı, onu da yığışdırandan sonra ortada ləzzətli bir şey qalmayacaq.

Sonra. Xalq arasında yeni folklor nümunələri, məsələn, bu cür andlar yaranacaq: "Çipim ölsün, düz deyirəm!" "Yalnçıya çipi qənim olsun!" "Bu çip kimi gözüm qaralsın!"
Yeni-yeni qarğışlar da peyda olacaq: "Allah sənin çipini kəssin!" "Görüm sənin çipin partlasın, elə!" "Çipinə güvə düşsün sənin!"
Təbii ki, nano atalar sözləri də əmələ gələcək: "Çipi olmayanın tipi olmaz!", "Çip kəsən ip də kəsər!", "Çipləməyən dişləməz!" və s.

Açığı, mən öz yerimə deyim ki, bu cür yeni həyatı qətiyyən arzulamıram! Təklif olunan o yeni həyata heç cür adaptə oluna bilməyəcəyəm, bağrım partlayacaq. Heyif deyilmi indiki gözəl, yağ kimi gedən həyatımız?! Eybi yox, qoy, rayon icra başçıları sakinlərin adına sosial yardım yazdırıb, bank kartlarından pulu özləri çəksinlər, təki həyatımız yerində qalsın! İndiyə qədər dözmüşük, bundan beləsinə də dözərik!

Zarafat eləyirəm, mənim xalqdan gizli, qara-qura bir əməlim yoxdu. Odu ki, çipdən qorxmuram. Hər birinizə işıqlı gələcək arzulayıram!

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti