Ziya Məmmədova məktub

Ziya Məmmədova məktub
  15 Yanvar 2014    Oxunub:1072
Hərbi-ekspert Üzeyir Cəfərov nəqliyyat naziri Ziya Məmmədova açıq məktub yazıb.
AzVision.az-ın məlumatına görə, məktub nazirliyin işçilərinin hərbi-eksperti təhqir etməsi ilə bağlıdır.

Məktubu təqdim edirik:

Hörmətli Ziya müəllim! Əvvala salam. Bilirəm ki, Sizin kimi vacib bir sahənin rəhbəri ilə görüşmək imkanları məhdud olduğuna, bəlkə də mümkün olmadığına görə məhz mətbuat vasitəsiylə Sizə müraciət edirəm.

Ondan başlamaq istəyirəm ki, Biz Sizinlə hələ keçmiş SSRİ zamanından - o vaxtkı Dəmir Yol Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi və bəzi məsələlərdən ötəri biz Sizinlə də görüşürdük. Bu hadisələr 1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da, fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfətişlərinin də xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya ekranlarından, həm də elektron və yazılı KİV-dən məlumatlar alırıq. Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi bir tanınmış şəxsin rəhbəri olduğu NN-də tam təsadüfi, heç bir mədəniyyəti və elementar insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlarınız olsun. Amma, buna şəxsən əmin oldum. Qısaca da olsa o hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm.

Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim. Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 "Daewoo Nexsia" avtomobilinin sürücüsü ən tərbiyyəsiz bir şəkildə məni təhqir edib. Mən ona özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və çoxdan tanıdığım müaviniz Musa Pənahova hörmət qoymağı deyəndə isə, bu tərbiyyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi hörmətli Namik Həsənov cənablarına bu olay ilə bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma, sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da, nədənsə zənglərim cavabsız qalıb.

Hörmətli Ziya müəllim!

Məni tanıyanlar bilirlər ki, mən Qarabağ müharibəsini keçmiş və hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin əməkdaşlarınızın məni ağır formada təhqiri isə mənə neçə gündür rahatlıq vermir. Ona görə də, Sizdən xahiş edirəm ki, bu məsələnin hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Əks halda, mən 2 həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı təqdirdə, həm NN-nin rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası qaldıracağam.

İnanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi üçün lazımı addımları atacaqsınız.

Əvvəlcədən təşəkkür edirəm.

Hörmətlə,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi jurnalist Üzeyir Cəfərov.


Teqlər:  





Xəbər lenti