Almaniyada 20 Yanvar faciəsi anılıb

Almaniyada 20 Yanvar faciəsi anılıb
  14 Yanvar 2014    Oxunub:910
Almaniyada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlər Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Almaniyanın Bad Zalsuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Almaniyanın Nordrhayn-Vestfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və alman qonaqları iştirak ediblər. Tədbir zamanı Qanlı Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.

Tədbiri Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva giriş sözü ilə açıb. Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev, Bilefeld şəhərində yaşayan həmvətənimiz Elşən İsmayıllı, ağsaqqal Ramazan Məmmədov, türk diasporunun nümayəndəsi İsmayıl Nefis, iş adamı Adem Yavuz Tumay, Nordrhayn-Vestfalen Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin üzvü Faiq Məmmədov və digərləri çıxış edərək Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət haqqında qonaqlara məlumat veriblər.

Daha sonra 20 Yanvar hadisələri ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda Nordrhayn-Westfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri T.Tağıyeva qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə planlaşdırılan tədbirlər, o cümlədən fevral ayında Bilefeld şəhərində keçiriləcək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş yürüş haqqında həmvətənlərimizi məlumatlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti