“Azərbaycanı yeni zirvələrə doğru aparırsınız” - Prezidentə yazırlar

 “Azərbaycanı yeni zirvələrə doğru aparırsınız” -  Prezidentə yazırlar
  15 İyun 2020    Oxunub:3497
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Respublikamızın bütün guşələrindən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısını yüksək qiymətləndirirlər.
Azvision.az Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Lerik rayonundan Qarabağ qaziləri Üzeyir Məmmədov, Gəray Hacıyev, Zeynal Aslanov, Veysəl Məlikov və Mərdan Ağayev yazırlar: “Hörmətli cənab Ali Baş Komandan, Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqımızın bu çətin günündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün fərdi evlərin tikintisinin davam etdirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Biz - Qarabağ qaziləri Sizin rəhbəri olduğunuz ölkədə yaşamağımızla fəxr edirik. Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi rayonun bütün sakinlərinin sevincinə səbəb olub. Hər bir şəhid bizə qardaş qədər doğma və əzizdir. Cənab Prezident, biz - Qarabağ qazilərinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Buna görə Sizin ətrafinızda daim sıx birləşmişik və Sizin döyüş əmrinizi gözləyirik”.

Gəncə şəhərindən Sevinc Məmmədova: “Hörmətli cənab Prezident, ölkəmiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizi alqışlayıram. Siz ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısısınız. Sizin siyasətinizdə gənclər də mühüm yer tutur. Təməl daşı möhkəm qoyulan müasir gənclik gələcəyə doğru iri addımlarla irəliləməkdədir. Mən də bir gənc olaraq Sizinlə qürur duyuram. Siz COVID-19 pandemiyasının yayıldığı bir dövrdə xalqımıza arxa-dayaq oldunuz, eyni zamanda, vətəndaşlara doğru yol göstərdiniz, nümunəvi addımlar atdınız. Rəsmi tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyiniz xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Siz işsiz insanlara iki ay olmaqla hər ay 190 manat məbləğində birdəfəlik ödəmənin edilməsi ilə bağlı göstəriş verdiniz, imkansız ailələrə yardım göstərdiniz. Allah Sizi və ailənizi pənahında saxlasın, cənab Prezident! Hər şey üçün Sizə minnətdarıq. Nə yaxşı ki, varsınız!”.

Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup ziyalısı və ağsaqqalı adından Güloğlan Əzimov, Əli Hüseynov, Mehman Səmədov və Fazil Babayev yazırlar: “Möhtərəm cənab Prezident, Siz fəaliyyətiniz dövründə həmişə xalqa böyük diqqət və qayğı göstərməklə, vətəndaşların azad və firavan yaşaması üçün bütün gücünüzü sərf edirsiniz. Buna görə də xalqımız Sizi daim dəstəkləyir, verdiyiniz sərəncamları alqışlayır. Ölkəmizə rəhbərliyiniz dövründə bir çox sahələrdə köklü dəyişikliklər olmuş, insanlara sosial xidmətlərin vəziyyəti xeyli yaxşılaşmışdır. Dövlət idarəetmə sistemində aparılan islahatlar nəticəsində bir çox qurumların işində ciddi dönüş yaranmış, qanun-qayda, nizam-intizam yüksək səviyyəyə çatdırılmışdır. Biz bu gün sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradıldığını görürük, şahidi oluruq. Cənab Prezident, bütün bunlar Sizin dövlət, xalq qarşısındakı əvəzsiz xidmətlərinizin bariz nümunələridir. Buna görə də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Ucar rayonunun Yuxarı Şilyan kəndindən Yaqub Yunisov: “Möhtərəm cənab Prezident, mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq xalqımıza qoşulur, dünyaya qənim kəsilən koronavirus pandemiyasına qarşı ölkəmizdə apardığınız hərtərəfli mübarizəyə görə Sizə dərin təşəkkürümü və ehtiramımı bildirirəm. Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir. Çünki Siz həmişə xalqımızın firavan yaşaması üçün bütün qüvvə və bacarığınızı, zəngin biliyinizi sərf etmisiniz. İqtisadiyyatımızın, sosial həyatımızın, elmimizin, mədəniyyətimizin və ümumiyyətlə, bütün sahələrin inkişaf etməsi üçün böyük işlər görməklə yüksək göstəricilər əldə etmisiniz. Azərbaycanın dünya dövlətləri içərisində çox böyük nüfuzu vardır. Bu nüfuz məhz Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasətin nəticəsidir. Allah Sizi qorusun!”.

Ağcabədi rayonunun Sarıcalı kəndindən Əziz Mehdiyev, Zenfira Salahova, Mənaf Məhərrəmov, Nəriman Nərimanov və Sevinc Məmmədova yazırlar: “Çox hörmətli cənab Prezident, dövlətimiz ölkəmizdə təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Təhsil infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Bu çətin dövrdə rayonumuza səfəriniz bizə sevinc bəxş etdi. Eyni zamanda, Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə əlaqədar Sərəncam imzaladığınıza görə kənd camaatı adından və öz adımızdan Sizə dərin minnətdarlığımızı bildiririk. Uzun illərdir çətin şəraitdə təhsil alan şagirdlərimiz yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər. Sarıcalı kəndi Ağcabədi rayonunun cəbhə zonasına yaxın kəndlərindən biridir. Burada yeni sosial infrastruktur binalarının tikilməsi, eyni zamanda, düşmənə psixoloji zərbədir və bədnam qonşularımızın gözünə ox kimi batır. Xüsusilə, indiki pandemiya dövründə sosial layihələrin davam etdirilməsi dövlətimizin iqtisadi gücünü və qüdrətini göstərir. Qüdrətli dövlətimizin qüdrətli Prezidenti, Sizə bir daha minnətdarlığımızı bildiririk”.

Quba rayonunun Vladimirovka kəndindən Ənvər Səidovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, gənc və müstəqil Azərbaycan Respublikası bu gün bir çox sahələrdə dünya ölkələrinə nümunə göstərilir. Bunlardan biri də ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıqdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bunun təməlində ulu öndər Heydər Əliyevin və Sizin müdrik siyasətiniz dayanır. Biz həmişə bununla öyünmüşük, fəxr etmişik. Çox təəssüf ki, ölkəmizdə sabitliyi pozmağa, insanlar arasına nifaq salmağa çalışan şər qüvvələr də vardır. Mən bir Azərbaycan vətəndaşı və bir dindar olaraq belə əməlləri, həmçinin dövlətimizə atılan iftiraları, böhtanları kəskin şəkildə qınayıram. Biz həmişə Sizin və Mehriban xanımın dinimizə və dindarlara qayğısını, dəstəyini görmüşük. Bunları danmaq bizə yaraşmaz və Allaha da xoş getməz. Allah Sizi və ailənizi qorusun, bütün işlərinizdə yardımçınız olsun!”.

Cəlilabad rayonunun Muğan kəndindən Şahin Əmənov, Rahil Cabbarov və Vüsal Əhmədov dövlətimizin başçısına minnətdarlıqlarını bu fikirlərlə ifadə edirlər: “Çox hörmətli cənab Prezident, Sizin ölkə vətəndaşlarının qayğısına qalmağınız biz kənd camaatını çox sevindirir. Bizim kəndin əhalisi əsasən kartofçuluqla məşğul olur. Sizin karantin dövründə operativ olaraq verdiyiniz qərarlar bizim istehsal etdiyimiz kartof məhsulunun xarici bazarlara çıxmasına çox müsbət təsir etdi. Məhsulumuzu xarici bazarlarda satıb gəlir əldə etdik. Sizə təşəkkürümüzü bildiririk və deyirik ki, hər zaman Sizinləyik”.

Bakının Nəsimi rayonundan Tamrelka İsmayılov: “Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı kimi özüm və bütün ailə üzvlərim Sizin uğurlu xarici və daxili siyasətinizi ürəkdən bəyənirik. Çünki bu uğurlu yol Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin yaratdığı yoldur. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir, onu yeni zirvələrə doğru aparırsınız. Ölkə iqtisadiyyatının bütün sahələrində yüksək və davamlı inkişaf göz qabağındadır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Dünyanı ağuşuna almış COVID-19 pandemiyasına qarşı çevik və vaxtında gördüyünüz düşünülmüş tədbirlər Sizin yüksək idarəetmə bacarığına malik dövlət rəhbəri olduğunuza əyani sübutdur. Bir çox ölkələrin rəhbərləri Sizin təcrübənizdən bəhrələndilər. Ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi, köhnələrin təmir olunub müasir tibb avadanlıqlarla təmin olunması, yeni xəstəxanaların pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsi üçün verilməsi, Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif ölkələrindən təxliyə olunaraq müasir otellərdə dövlət hesabına yüksək xidmət göstərilərək karantində saxlanılmaları təqdirəlayiqdir. Müasir Azərbaycan dövlətinin möhkəmlənərək qüdrətli bir dövlətə çevrilməsində, bu dövlətin dünyaya tanıdılmasında, ölkədə səhiyyənin, mədəniyyətin, incəsənətin, əhalinin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılmasında və digər dövlət əhəmiyyətli məsələlərin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Çox hörmətli cənab Prezident, mən və bütün ailə üzvlərim şadıq ki, yüksək idarəetmə qabiliyyətinə malik, uzaqgörən və dünya liderləri arasında yüksək hörməti olan Prezidentimiz var. Allah Sizi, Mehriban xanımı, övladlarınızı pis niyyətlərdən və bəlalardan qorusun!”.

Mingəçevir şəhərindən Natiq Həsənov: “Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən “Azərbaycan” İES-in yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ərazidə salınmış gözəl park, "Şəhidlər" postamenti, "1941-1945-ci il Böyük Vətən Müharibəsi" iştirakçılarının xatirəsinə ucaldılmış abidə, Ulu Öndərin abidəsi müəssisədə çalışan Qarabağ müharibəsi veteranlarına qürur verir. Bu abidələr müəssisəmizdə çalışan gənclərimizdə Vətənə sevgi aşılayır və Vətən uğrunda mübarizəyə səsləyir. Cənab Prezident, müəssisəmizdə çalışan Qarabağ müharibəsi veteranları adından Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayıram. Ulu Tanrı Sizi qorusun!”.

Mingəçevir şəhərinin daha bir sakini Sabir Əhmədov yazır: “Hörmətli cənab Prezident, Sizin Sərəncamınızla “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur. İllərdən bəri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıq və tikililərin yeniləri ilə əvəz olunması stansiyanın həm etibarlılığını artırır, həm də zahiri görkəmini yaxşılaşdırır. Görülən işlər, yaradılan infrastruktur sayəsində bu gün stansiyamız göz oxşayır. Yeni idarəetmə binalarının tikilməsi, müasir mühafizə qurğularının quraşdırılması paylayıcı qurğuların istismar müddətini uzadır. Bu işləri sadalamaqla qurtarmaz. Yaxşı bilirik ki, görülən bütün bu işlər Sizin tapşırığınızla həyata keçirilir. Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Uca Tanrı Sizi qorusun!”.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti