Ermənistanda 252 etirazçı, bir deputat saxlanıldı

 Ermənistanda 252 etirazçı, bir deputat saxlanıldı
  15 İyun 2020    Oxunub:3630
Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın 252 tərəfdarı polis tərəfindən saxlanılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısına yığışan aksiyaçılar sosial məsafəni gözləməməkdə və etirazları dayandırmaq tələbinə əməl etməməkdə ittiham olunublar.

Saxlanılan şəxslərdən bir neçəsi protokol tərtib edildikdən sonra sərbəst buraxılıb.

Bəzi vətəndaşlara isə "zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili" maddəsi ilə cinayət işi açılıb. Onları iki aylıq həbs gözləyir. Saxlanılanlar arasında deputat Canibek Ayrapetyan və Yerevan Ağsaqqallar Şurasının üzvü David Xajakyan da var.

Polis bildirib ki, martın 16-dan iyulun 13-dək elan edilmiş fövqəladə vəziyyət zamanı kütləvi toplantıların keçirilməsinə qadağa qoyulub.

Qeyd edək ki, Ermənistan MTX-da müxalif lider Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb. İddia edilir ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon dollarlıq vergi verilməyib. Bu səbəbdən dünən partiya sədrinin evində axtarış aparılıb və o, MTX-yə dindirilməyə çağırılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti