Xaricdə təhsil alan azərbaycanlı tələbələr Prezidentə təşəkkür etdilər

 Xaricdə təhsil alan azərbaycanlı tələbələr Prezidentə təşəkkür etdilər
  13 İyun 2020    Oxunub:4323
Azərbaycan Prezidenti İlham Əliyevə xarici ölkələrdə təhsil alan tələbələrimiz də minnətdarlıq məktubları ünvanlayırlar. Onlar göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edirlər.
Azvision.az xəbər verir ki, Bolqarıstanın Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan Elvin Cəmill məktubunda yazır: “Dünyanı cənginə almış koronavirusun (COVID-19) yayılması, sərhədlərin bağlanması səbəbindən və hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq hörmətli cənab Prezident, Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymadı, dəstəyini bizdən əsirgəmədi. Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzu edirəm”.

Bolqarıstanın Dobriç şəhərində təhsil alan tələbə Elvin Babayev dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Bu məktubu yazmaqda məqsədim Sizə öz minnətdarlığımı bildirməkdir. Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm. Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır. Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.

Polşanın Krakov şəhərindən tələbə Aygül Məmmədovanın məktubunda deyilir: “Hörmətli Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva, mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkə daxilində və xaricdə gördüyünüz işləri sosial şəbəkələrdə, informasiya portallarında izlədiyimi xüsusi qeyd etmək istəyirəm. COVID-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər. Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi. Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir. Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiniz”.

Krakov şəhərində təhsil alan daha bir tələbəmiz Hikmət Həbibzadə xaricdəki tələbələrimizi daim diqqətdə saxladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək yazır: “Cənab Prezident, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz həmişə Sizinləyik! Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Polşa Respublikasından Vasif Qurbanovun məktubunda deyilir: “Cənab Prezident, pandemiya zamanı bizə göstərilmiş diqqətə görə Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir”.

Azvision.az


Teqlər: Prezident   Tələbə   Məktub   Təşəkkür  





Xəbər lenti