Paşinyanın yeni təyinatı etirazla qarşılandı

 Paşinyanın yeni təyinatı etirazla qarşılandı
  11 İyun 2020    Oxunub:2820
29 yaşlı Arqişti Karamyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsinə təyin olunması milli təhlükəsizlik üçün təhdiddir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan MTX-nin keçmiş direktoru Artur Vanetsyan deyib.

“Ona qarşı şəxsi hər hansı problemim yoxdur, yalnız onu deyə bilərəm ki, Karamyanın təyin edilməsi milli təhlükəsizliyə təhdiddir. İdarəetmədə, təhlükəsizlik orqanlarında təcrübəsi olmayan bir insan çox böyük məlumatın daşıyıcısına çevriləcək və müxtəlif məsələlərdə tez, operativ qərar qəbul etməlidir. Milli təhlükəsizlik təkcə iqtisadi və ya korrupsiya cinayətlərinə qarşı mübarizə deyil. MTX qarşısında daha ciddi vəzifələr durur - kəşfiyyat, əks-kəşfiyyat. Bu cür iş böyük təcrübə tələb edir”, - deyə Vanetsyan əlavə edib.

Onun sözlərinə görə, bu gün Ermənistanda MTX yoxdur.

“Bu xidmətin direktoru, eyni zamanda, polis və digər qurumların direktoru Nikol Paşinyandır. O, qeyd edilən orqanların işinə birbaşa müdaxilə edir. Paşinyan MTX-ni siyasi rəqiblərini sıxışdırmaq üçün bir alətə çevirməyə çalışır. Əminəm ki, keçmiş həmkarlarım bu prosesin bir hissəsi olmayacaqlar".

Vanetsyan, həmçinin bir neçə vətəndaş sektoru nümayəndələrinin Ermənistan MTX-nin Rusiyanın təsiri altına düşməsi barədə açıqlamalarını rədd edib:

“Heç vaxt Rusiyanın təsiri olmayıb. Bunlar müxtəlif ölkələrdən və fondlardan maliyyə alaraq Ermənistanda anti-Rusiya fəaliyyətini həyata keçirən bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin yalan açıqlamalarıdır. Onların bir çoxu bu gün hakimiyyətdədir. Sifarişçilərin göstərişlərini yerinə yetirirlər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArqiştiKaramyan  





Xəbər lenti