Ölkəmizdə vəkillərin sayı 1783 nəfərə çatıb

  06 İyun 2020    Oxunub : 4493
 Ölkəmizdə vəkillərin sayı 1783 nəfərə çatıb
İyunun 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası açan sədr Anar Bağırov iştirakçılara kollegiyanın cari fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1783 nəfərə çatacaq.

Sədr öz çıxışında “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli Qanunu ilə vəkillərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizinin xərclər çıxılmaqla, 10 faiz miqdarında müəyyən edilməsinin vəkillik üçün əhəmiyyətindən bəhs edib.

Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması zəruri hesab edilib.

Xüsusilə hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquq və mənafelərinin müdafiəsi (təmsil edilməsi) baxımından tapşırıq (müqavilə) münasibətləri yaranarkən müştəri tərəfindən vəkilə ödənilməli olan qonorar məbləğinin tam şəkildə və nağdsız qaydada ödənişinin təşkil olunması, göstərilən hüquqi yardım çərçivəsində müştərilərdən hər hansı məbləğdə nağd qaydada və ya işin dolayı yolla “həlli”nə yönəlmiş “məqsədlər” üçün müştərindən nağd və ya nağdsız qaydada vəsaitin alınmasının (tələb edilməsinin) yolverilməzliyinə hər zaman riayət olunması, vəkil qurumlarının rəhbərləri tərəfindən vəkillə müştərinin müqavilə münasibətlərində iştirak zamanı müqavilə məbləğlərinin düzgün təsbit olunmasına ciddi surətdə diqqət yetirilməsi tövsiyə edilib. Həmçinin qanunvericiliklə nəzərdə tutulan ödənişlərin (tutulmaların) vaxtında ödənilməsi, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə əldə edilən mədaxildən bu fəaliyyət üçün çəkilmiş xərclər (üzvlük haqqı, saxlanma xərcləri, köçürmələr, vəkil köməkçisinə ödənişlər, vəkillik fəaliyyəti ilə əlaqəli və elektron-qaimə faktura ilə təsdiq olunan digər xərclər) çıxıldıqdan sonra qalan fərqdən məcburi dövlət sosial sığorta haqqının və gəlir vergisinin hesablanıb tutulması məsləhət görülüb. Bundan əlavə, qeyd olunub ki, vəkillərin mənafeyi baxımından ədalət prinsipinin təmin edilməsi məqsədilə vəkil qurumlarının saxlanma xərclərinə yenidən baxılmaqla həmin xərclərin məbləğlərinin bütün vəkil qurumlarında müəyyən mənada bərabərləşdirilməli, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə dərhal təxirəsalınmaz preventiv tədbirlər görülməli və bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər and içiblər.

Yeni vəkillər çıxış edərək, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını bildiriblər.

İclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib, eləcə də hüquqi yardıma görə vəkil qurumuna (vəkilə) ödənilən haqqın nağdsız qaydada ödənilməsi prosedurları ilə bağlı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin nümunəvi formasına müvafiq dəyişikliklər təsdiqlənib.

Sonra Azərbaycan vəkilliyinin yubiley tədbirləri çərçivəsində keçirilən foto və ədəbi müsabiqələrin qalibləri elan olunub və mükafatlandırılıblar.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

Azvision.az

Teqlər: VəkillərKollegiyası