“Avropa Şurasının xəmiri xaç suyu ilə yoğrulub” - Musa Quliyev

  06 İyun 2020    Oxunub : 2986
 “Avropa Şurasının xəmiri xaç suyu ilə yoğrulub” -  Musa Quliyev
Qarabağın işğal olunmuş ərazilərinə nəzarət edən separatçı xunta rejiminin keçirdiyi qeyri-qanuni seçki şousu və xuntabaşı seçməsi dünyanın heç bir dövləti tərəfindən tanınmayıb, ATƏT Parlament Assambleyası, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa belə seçkiləri və onların nəticələrini tanımadıqlarını dəfələrlə bəyan ediblər.
Bunu Azvision.az -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar bu seçki oyunbazlığını pisləyən bəyanatla çıxış ediblər: "Təkcə öz mövqeyini bildirməyən AŞPA olub. Əslində bu mövzuda AŞPA-nın susması onun ikiüzlü mövqeyinin göstəricisi kimi qiymətləndirilə bilər. Bu günlərdə Tərtər rayonuna səfər edən cənab Prezident İlham Əliyev orada Olimpiya Kompleksinin açılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş çıxış etmiş, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq xalqımızın mövqeyini bir daha dünyaya bəyan etmiş, AŞPA-nın ikili standartlar siyasətini tutarlı faktlarla ifşa etmişdir. Cənab Prezident Avropa Şurasının antiazərbaycan mövqeyini azərbaycanofobiya adlandırıb, Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu təşkilatın qərarlarının bizim üçün əhəmiyyətsiz bir kağız parçası olduğunu söyləyib. Avropa Şurası öz nüfuzunu itirib və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir. Bunun əsas səbəbi AŞPA-nın siyasi sifarişlə işləməsi, işğalçı Ermənistana bir "xristian qardaşlığı" münasibəti göstərməklə din təəssübkeşliyini hüquq və ədalətdən üstün tutması, beynəlxalq əlaqələri və nüfuzu getdikcə güclənən Azərbaycana qarşı ardıcıl təzyiq yolu tutmaqla işğalçıya tərəfkeşlik etmək cəhdləridir.

Nədənsə, haqq-ədalət carçısı olan AŞPA ABŞ-ın Minneapolis şəhərində polisin boğub öldürdüyü qaradərili insanın "nəfəs ala bilmirəm" iniltisini eşitmir, Avropanın göbəyində itlərə yedirdilən, at dırnağı altında tapdanan nümayişçiləri görmür, Azərbaycanda zərrəbinlə "haqqı pozulan" müxalifətçi, siyasi dustaq axtarır, milli kimliyi, etnik və cinsi mənsubiyyəti bilinməyən insanlara qucaq açaraq onlardan ölkəmizə qarşı " beşinci kolon" yetişdirərək səxavətlə istifadə edir".

Deputatın sözlərinə görə, Azərbaycanda hər kəsə bəllidir ki, AŞPA-nın xəmiri xaç suyu ilə yoğrulub və bu təşkilatın ağ şalvarında qara erməni yamağı getdikcə daha aydın görünməkdədir.

"Azərbaycanın güclü lideri var, güclü xalqı var, güclü ordusu var. Bizim AŞPA-nın dəstəyinə ehtiyacımız yoxdur, onun qərəzli mövqeyindən də qorxumuz yoxdur. Bizim istədiyimiz ədalətli münasibətdir. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, o torpaqlarda həqiqi, demokratik seçkilər keçirəcəyik və AŞPA-ya da, onun kimi ermənipərəst qüvvələrə də dərs verəcəyik, ədalət və insanlıq dərsi", - deyə M.Quliyev vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Musa-Quliyev   Deputat