Ter-Petrosyan həyəcan təbili çaldı: “Paşinyan başını itirib” - ŞƏRH

  Ter-Petrosyan həyəcan təbili çaldı:    “Paşinyan başını itirib” - ŞƏRH
  06 İyun 2020    Oxunub:5641
"Ermənistanın baş naziri Nikol Paşinyan başını itirib. İşğalçı ölkədə koronavirusa yoluxanların sayı artır. Paşinyanın “maska taxın, sosial məsafəyə riayət edin” çağırışları əvvəlkitək qulaqardına vurulur. Baş nazir koronavirusla mübarizədə sonuncu üsula əl atıb. Paşinyan Ermənistanda epidemiya əleyhinə hərəkatın yaradılmasını təklif edib".
Bunu Azvision.az -a "Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Təklifin mahiyyətinin nədən ibarət olduğuna gəlincə, politoloq bildirib: "Birincisi, Paşinyanın məntiqinə görə, hər bir erməni karantin qaydalarına əməl etməlidir. Bu çağırışda yeni heç nə yoxdur. İkincisi, karantin qaydalarına əməl edən erməni başqalarından bu qaydalara əməl etməyi tələb etməlidir. Üçüncüsü, Paşinyan karantin qaydalarını pozanların şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını təklif edib. Görünür, Paşinyan ermənilərin bir-birindən şikayət etməsinin işə yarayacağını düşünür. O, sosial şəbəkələrdə paylaşılan şəkilləri araşdırmaq məqsədilə polisdə monitorinq qrupunun yaradılığını bildirib. Yəni, Paşinyanın məntiqinə görə, həmin monitorinq qrupu qaydaları pozanları müəyyənləşdirib, onlara cəza kəsməlidir. Ancaq hazırda polis özü ağır vəziyyətdədir. Ermənistanın polis rəisi Arman Sarkisyanın son açıqlamasına görə, 100-dən çox polis koronavirusa yoluxub".



E.Şahinoğlunun sözlərinə görə, Ermənistanda vəziyyət o dərəcə kritikdir ki, illərdir susan keçmiş prezident Levon Ter-Petrosyan da açıqlama vermək məcburiyyətində qalıb.

"Levon Ter-Petrosyan Ermənistandakı vəziyyəti nə az, nə çox müharibə adlandırıb. O, bunu belə izah edib: “Koronavirus Ermənistana müharibə elan edib. Bu müharibəyə görə bütün məsuliyyət hökumətin üzərindədir. Belə vəziyyətdə hökumətə qarşı savaşan istər-istəməz xalqı satır. Müharibə dövründə daxili mübarizə ağılsızlıqdır və heç bir məntiqə sığmır”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tələbəsi Nikol Paşinyanı müdafiə edib. Çünki, hər ikisinə bəllidir ki, Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları Ermənistanda ağırlaşan vəziyətdən hökumətin mövqelərini zəiflətmək üçün istifadə edəcəklər. Bu, mümkün ssenarilərdən biridir".

Bundan əlavə, politoloq qeyd edib ki, Ermənistanda epidemiya zəifləsə belə iqtisadiyyatı əvvəlki axarına qaytarmaq çətin olacaq: "Bu, Paşinyanın imkanı xaricindədir. Belə vəziyyətin yarandığını heç Paşinyan da gizlətmir. Demək, Paşinyana müxalif olan güclər üçün münbit şərait yaranır. Həmin güclər artır fəallaşıblar və Ermənistanda “Paşinyan istefa verməlidir” səsləri güclənir. Levon Ter-Petrosyan isə hakimiyyətdə təmsil olunmasa da, vaxtilə onu devirən güclərin – “Qarabağ klanının” yenidən hakimiyyəti ələ keçirməsini istəmir. Ancaq indiki ağır vəziyyətdə bu, ondan asılı məsələ deyil".

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti