Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

  05 İyun 2020    Oxunub : 2149
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə bu il iyunun 5-də sözügedən ərazilərdə dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Dövlət Vergi Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu, Qaradağ, Binə, Sədərək, Binəqədi, Nərimanov 1 və 2, Lənkəran, Sumqayıt, Sumqayıt (inzibati bina), Gəncə, Yeni Gəncə xidmət mərkəzlərinin fəaliyyəti iyunun 5-də saat 14:00-dan iyunun 8-i saat 09:00-dək dayandırılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonun ərazisində yerləşən xidmət mərkəzlərində iyunun 5-də saat 14:00-dan 18:00-dək yazılmış növbələr etibarsız hesab edilir və növbəyə yazılmış şəxslərdən növbəti iş günləri üzrə növbəyə yazılmaları xahiş olunur.

Vergiödəyiciləri aşağıdakı linklər vasitəsilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərlər:

Onlayn növbəyə yazılmaq: https://www.e-taxes.gov.az/ebyn/novbe/

Onlayn növbənin ləğvi: https://e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html

Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://www.e-taxes.gov.az/help/telimat/diger_telimatlar/TelimatOnlaynNovbe.pdf

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və sair), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri xahiş olunur.

Azvision.az

Teqlər: Vergi