“Fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir” - Prezident

  04 İyun 2020    Oxunub : 8062
   “Fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir” -    Prezident
"Mənim göstərişimlə Ağcabədi rayonunda müasir, gözəl “ASAN Həyat” Mərkəzi yaradılıb və bu gün istifadəyə verilir. Mərkəzlə tanışlıq çox xoş təəssürat bağışlayır. Həm xarici görünüşü, həm də daxili dizaynı, tərtibatı çox gözəldir. Ən önəmlisi odur ki, burada vətəndaşlara 320 xidmət göstəriləcək. Bu bölgədə yaşayan səkkiz yüz min insan bu imkanlardan istifadə edə bilər".
Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir. Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir.

"Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik".



Prezident vurğulayıb ki, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur: "Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır.

“ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".



Dövlət başçısı daha sonra qeyd edib: "Bildiyiniz kimi, “ASAN xidmət” mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq “ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir - “ASAN xidmət”in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə “ASAN xidmət”i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur.

Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropaİslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il “Könüllülər ili” elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir".

"Beləliklə, gənclər “ASAN Həyat”, “ASAN xidmət” mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma “ASAN xidmət” mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, “ASAN xidmət” Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır", - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   ASAN-Xidmət