“Tərtər” elektrik yarımstansiyası istismara verildi - FOTOLAR (YENİLƏNİB)

  03 İyun 2020    Oxunub : 3699
 “Tərtər” elektrik yarımstansiyası istismara verildi -  FOTOLAR (YENİLƏNİB)
İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsi ilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-nı qeyri-əhali olmaqla, ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.

Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya TərtərBərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlığını daha da artıracaq.

Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Tərtər rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonunun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatlı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli elektrik hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.





Azvision.az

Teqlər: İlham-Əliyev