Paşinyanın koronavirusla mübarizəsi iflasa uğradı

Paşinyanın koronavirusla mübarizəsi iflasa uğradı
  03 İyun 2020    Oxunub:3200
Ermənistanın baş naziri Nikol Paşinyanın koronavirusa yoluxmasına dair şübhələr hakimiyyətin COVID-19-la mübarizədəki uğursuz siyasəti səbəbindən ortaya çıxıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu politexnoloq Viqen Akobyan deyib.

Akobyan hesab edir ki, baş nazirin sözünə etimadsızlıq o qədər də təsadüfi deyil. Bu, onun açıqlamalarının, eləcə də komandasının nümayəndələrinin çıxışlarındakı uyğunsuzluğun nəticəsidir.

"Mübarizənin müxtəlif mərhələlərində həm pandemiyanın ciddiliyi, həm də koronavirusun yayılmasının qarşısını almaq üçün addımlar və üsullar barədə ziddiyyətli açıqlamalar verildi. Bütün bunlar üç ayda əhalinin etibarını sarsıdıb.

Hakimiyyət koronavirusla mübarizənin ilk mərhələsində tamamilə iflasa uğradı, sadəcə statistikaya baxın. Eyni zamanda, ölkə rəhbərliyi uğursuzluqlara görə məsuliyyəti digər siyasi qüvvələrə, öz vətəndaşlarının üzərinə qoymağa çalışır".

Akobyanın fikrincə, maska taxmaqla bağlı çağırışlar daha əvvəl edilsəydi, vətəndaşlar bu tövsiyəni yerinə yetirərdilər, çünki onda Paşinyana etimad var idi, indi isə yoxdur:

“Son üç ayda Ermənistan hakimiyyəti böyük imic itkisi keçirdi və indi ciddi qəbul edilmir. Bu, səhiyyə sahəsindəki məsləhətlərinə də aiddir. Əhali sadəcə Səhiyyə Nazirliyinin göstərişlərinə inanmır. İnsanlar internetdə başqa məlumatlar tapmağa, digər ölkələrin təcrübəsi və ya mütəxəssislərin alternativ fikirlərini öyrənməyə çalışırlar. Baş nazir onun və ailəsinin koronavirus xəstəliyinə yoluxduğunu iddia etdikdə, insanlar buna ciddi şübhə ilə yanaşdılar”.

O qeyd edib ki, Paşinyan ekspert deyil, istənilən ölkədə səhiyyə sahəsində qərar qəbul etməzdən əvvəl baş nazir bu sahəyə cavabdeh olan nazirlə məsləhətləşir.

Akobyan düşünür ki, nazir reanimasiya şöbələrindəki bütün çarpayıların demək olar ki, məşğul olmasına dair xəbərlərlə insanları qorxutmamalı idi. Onun fikrincə, Səhiyyə Nazirliyinin rəhbəri vətəndaşlara təhlükəsizlik tədbirlərinə riayət etmələrini tövsiyə etməklə yanaşı, çaxnaşmanı da aradan qaldırmalı, sistemin onlara qayğı göstərəcəyini, xəstəxanalarda çarpayıların sayının artırılacağını və mexaniki havalandırma cihazlarının yeni bir dəstəsinin alınacağını əmin etməli idi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti