İlham Əliyev italiyalı həmkarına məktub göndərdi

   İlham Əliyev italiyalı həmkarına məktub göndərdi
  01 İyun 2020    Oxunub:2518
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Dost İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı yetirirəm.

Azərbaycan ilə İtaliya arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq hissi doğurur. Cari ilin fevral ayında gözəl ölkənizə dövlət səfəri zamanı Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları, mənə və Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət, müdafiə və digər sahələrdə mövcud olan yüksək səviyyəli dialoq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Eyni zamanda, koronavirus xəstəliyinə qarşı mübarizədə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim rifah arzulayıram".

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti