Könüllülər pandemiya ilə mübarizəni davam etdirir

Könüllülər pandemiya ilə mübarizəni davam etdirir
  31 May 2020    Oxunub:3674
Ölkənin əksər şəhər və rayonlarından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyinin, təsisçi könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə videoformatında onlayn konfrans keçirilib.
AKƏM-dən Azvision.az -a verilən məlumata görə, “Könüllü qəhrəmanların may görüşü” adı altında keçirilən videokonfrans çərçivəsində Mərkəzin may ayı ərzində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərlə bağlı məlumat verilib, könüllülərin növbəti dövrdə fəaliyyət planı ilə bağlı təklifləri dinlənilib. Eyni zamanda, may ayı ərzində xüsusi fəallığı ilə seçilən 30 könüllü “Ayın könüllüsü” adına layiq görülüb və mükafatlandırılıb.

May ayı ərzində AKƏM çətiri altında koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirilib. “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, respublikanın 31 rayon və şəhərində, eləcə də Bakı şəhərinin 12 rayonunda “Bir-birimizi qoruyaq!” aksiyası keçirilib və aksiya çərçivəsində, ümumilikdə 323 nəfər könüllünün iştirakı ilə 60600-dan artıq vətəndaş maarifləndirilib, onlara 46350 ədəd tibbi maska, 93 min 350 əlcək və 200 mindən çox maarifləndirici bukletlər paylanılıb.

9 May – Faşizm üzərində Qələbə Günü, Qələbənin canlı yaddaşı olan, istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərən veteranlarımız Azərbaycan könüllülərinin də diqqətindən kənarda qalmayıb. Belə ki, respublikanın müxtəlif şəhər və rayonlarında 128 nəfər könüllü 100-dən çox veteranlarımızı ziyarət etmiş, onları bayram sovqatı ilə təbrik ediblər.

Aprelin əvvəlindən başlamış “Böyüklərimizi qoruyaq” aksiyası da may ayı ərzində davam etdirilmiş, paytaxt və regionlarda könüllülər 6000-dən çox tənha yaşayan ahılların, aztəminatlı ailələrin, eyni zamanda, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, onlara müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.

Müqəddəs Ramazan bayramı münasibətilə də 63 nəfər könüllü 21 rayon və şəhərdə yaşayan 100-ə yaxın aztəminatlı ailə və tənha yaşayan ahıl vətəndaşları ziyarət edib, onlara bayram sovqatı çatdırıblar.

Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 2020-ci il 27 mart tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

Azvision.az


Teqlər: Könüllülər  





Xəbər lenti