İyunda hava necə olacaq? - Aylıq proqnoz

  İyunda hava necə olacaq? -   Aylıq proqnoz
  31 May 2020    Oxunub:4408
İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002, 2003 və 2008 –ci illərdə isə iyun ayı nisbətən sərin keçib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bundan əlavə, aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azvision.az


Teqlər: Hava   Proqnoz  





Xəbər lenti