Tovuzda minaatan mərmisi tapıldı

  31 May 2020    Oxunub : 2137
Tovuzda minaatan mərmisi tapıldı
Mayın 30-u saat 18:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Əlibəyli kəndi ərazisindən keçən çayın kənarından 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 may 2020-ci il tarixlərində 134 siqnal (əməliyyat çağırışı) əsasında 120 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 344 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 570 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 58 555 kv.m ərazi yerüstü və 8 046 kv.m ərazi yeraltı yoxlanılıb.

Azvision.az

Teqlər: ANAMA   Tovuz