Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi

  30 May 2020    Oxunub : 2120
 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi
Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri kəsmək qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Azvision.az xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.

"Dünyanın COVID-19 ilə mübarizə apardığı məqamda hər kəs üçün əsas məsələ həyatı qurtarmaq, pandemiyanın qarşısını almaq və azaltmaqdır. Avropa İttifaqı bu məsələdə ÜST-ə dəstəyini davam etdirir və artıq əlavə maliyyələşdirmə edib".

Avropa İttifaqı liderləri hesab edir ki, pandemiya ilə mübarizədə qlobal əməkdaşlıq və həmrəylik ən effektiv yoldur.

Qeyd edək ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, ÜST rəhbərliyi ABŞ-ın islahatlar həyata keçirmək təklifindən imtina edib. Bu səbəbdən təşkilatla əlaqələrə son qoyulub.

Tramp, həmçinin bəyan edib ki, il ərzində ÜST üçün nəzərdə tutulan 450 milyon dollar həcmində vəsait digər səhiyyə təşkilatlarına yönəldiləcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   ÜST