İflas, möhtəkirlik və düşmənçilik - Sahib Alıyevin şərhi

  27 May 2020    Oxunub : 8121
 İflas, möhtəkirlik və düşmənçilik -  Sahib Alıyevin şərhi
Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" işinə dair qərarına Azərbaycanda və Ermənistanda verilən reaksiyaları izləyirəm. Ermənistanda bu qərarı öz maraqları baxımından şərh edirlər ki, bunun da səbəbi aydındır.
Terrorçulara, nasistlərə heykəl qoyan, uydurulmuş keçmişlə yaşayan, türkə, azərbaycanlılara nifrətə, intiqama köklənən xəstə bir toplum bu dəfə də "adımı sənə qoyum, səni yana-yana qoyum" məntiqindən çıxış edir. Orasını da deyim ki, haylar sözü gedən məsələylə bağlı şikayət verməmişdən öncə Avropa İnsan Hüquqları Məhkəməsinin hansı qərar çıxarıb-çıxarmayacağından asılı olmayaraq, ən azından möhtəkirliyə əl ataraq dəfələrlə etdikləri kimi bundan Azərbaycana qarşı faydalnamağı nəzərdə tuturdular ki, indi də o cür davranırlar.

Diqqətimi burada bilirsinizmi nə çəkir? O çəkir ki, hakimiyyətə necə yanaşmalarından asılı olmayaraq işğalçı ölkənin təmsilçilərinin hamısının bu məsələdə mövqeləri və açıqlamaları üst-üstə düşür - bütün şərhlər qərəzlidir, Azərbaycanın əleyhinədir. Diqqətimi bir də o çəkir ki, bizdəki "5-ci kolon" təmsilçiləri yenə haylara qoşularaq eyni mahnını oxuyurlar. Təəssüf ediləsi haldırmı? Bəli. Təəccüblüdürmü? Xeyr.

İndi gələk qərarın özünə. Öncə onu deyim ki, məhkəmə qərarı o mətnlərdəndir ki, onların şərhi gərək ekzegetik olsun, hermenevtik deyil. Ekzegetik yanaşma hayların əsas niyyətlərinə çatmadığını ortaya qoyduğundan, hermenevtik hoqqabazlığa əl atırlar.

Gəlin baxaq, hayların Avropa İnsan Hüquqları Məhkəməsindən əsas istəkləri nə idi? O idi ki, Ramil Səfərovun onu təhqir edən Marqaryanı öldürməsini məhz Azərbaycan dövlətinin adına yazdırsınlar. Alındımı? Alınmadı. İşğalçı ölkə istəyirdi ki, Ramil Səfərovun əfvi qanunsuz sayıslın və onun işinə yenidən baxılsın. Avropa Məhkəməsi buna getdimi? Getmədi, daha doğrusu, gedə bilmədi.

Ramil Səfərovun işi Azərbaycanda yox, bütün incəliklərinədək Macarıstanda araşdırıldığından, istintaq orada aparıldığından onun etdiyini təzədən götürüb bizim dövlətin adına yazmaq üçün hay həyasızlığı və fantaziyası gərəkirdi ki, göründüyü kimi, onlara nə qədər mərhəmətli yanaşılsa da, Avropa İnsan Hüquqları Məhkəməsində bu yoxdur və yaxşı ki, yoxdur.

Ramil Səfərovun əfvinə gəldikdə, Azərbaycan Prezidenti Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə dayanaraq bu addımı atmışdı ki, o da “self-executing”dir, yəni qanunlar vasitəsi ilə yox, birbaşa tətbiq olunur. Əfv aktı cinayətin olmasını, əmələ görə cəzanı inkar etmədiyindən və məhkəmənin hökmünü şübhə altına almadığından o, hüquqşünas Sahib Məmmədovun da vurğuladığı kimi konvensiyadakı yaşamaq hüququnun nə maddi, heç nə də prosessual pozulması halı kimi qiymətləndirilə bilməz ki, birinci hal Avropa Məhkəməsinin qərarında da öz əksini tapıb.

Ümumiyyətlə, mən bu fikirdəyəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar siyasi konyukturadan tam azad olmasa da, haylara və bizim "5-ci kolon" təmsiçilərinə bunun ətrafında möhtəkirlik etməkdən başqa heç nə vermədi.

Möhtəkirliyə gəldikdə, 1983-cü ildə Parisin Orli hava limanında 4 nəfərin ölümüylə sonuclanan terrorun təşkilatçısı Varujan Karapetyanı 2001-ci ildə Fransa həbsxanasından çıxarıb gətirdib başları üstündə gəzdirən, ötən il cəhənnəmə gedəndə isə ellikcə göz yaşı axıdan bir toplumun Macarıstandakı olay, onun da elə ən böyük qurbanı özü olan Ramil Səfərovla bağlı nəsə deməyə haqqı varmı? Təbii ki yoxdur! Yeri gəlmişkən, biz bir daha görürük ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" işinə dair qərarını Karapetyandan iki il öncə yenə həmən Orlidə 5 nəfərin ölümüylə sonuclanan terror törətmiş, ardınca Qarabağda onlarla soydaşımızı qətlə yetirmiş Monte Melkonyan kimi bir terrorçu və cəllada “milli qəhrəman” adı verənlər sayaq şərh edən "5-ci kolon" təmsilçilərini cənab Prezident düşmən adlandırarkən nə dərəcədə haqlıymış.

Və sonda onu da deyim ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarından heç də tam razı deyiləm. İlk növbədə ona görə ki, orada Ramil Səfərovun Ermənistanın işğal etdiyi Cəbrayıl rayonundan olması, etnik təmizləmə nəticəsində kiçik yaşlarından öz yurdundan didərgin düşməsi, işğalçıların onun bir neçə yaxın qohumunu qətlə yetirməsi kimi faktlar nəzərə alınmalıydı, alınmadı. Qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci və 14-cü maddələrinin "pozulması" haqda fikirləri də düzgün saymıram. Çünki yuxarıda da vurğulandığı kimi əfv müstəsna hüquqdur, hər hansı prosessual norma ilə tənzimlənmir, eyni zamanda Ramil Səfərovun işə bərpası, ona ev və maaşının verilməsi mükafat, yaxud da təltif deyil, vətəndaşın sosial təminatına yönələn tədbirdir.

Mən ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı bir çox başqa qərarlarından, o sıradan buradan verilən şikayətlərə yanaşmasından da razı deyiləm. Baxın, Avropa İnsan Hüquqları Məhkəməsi əgər bəlli çevrələrin təsiri altında deyilsə, atdığı bütün addımlar siyasi konyukturaya yox, hüququn aliliyinə dayanırsa, nədən Leyla Yunus kimi haraya, necə, niyə, nəyə işlədiyi hər kəsə bəlli birinin şikayətlərinə təcili prioritet əsaslarla baxıldığı halda hay girovluğunda olan Dilqəm Əsgəov və Şahbaz Quliyevlə bağlı ərizəyə belə həssaslıq göstərilməsi bir yana, o, uzun zaman icraata götürülmədi. Halbuki o işlərə prioritet əsaslarla baxılır ki, şikayətçi, yaxud da adından ərizə verilən fiziki təhlükə altında olur. İndi siz deyin, hər həftə Avropa diplomatlarının, yaxud da diplomat adı altında fəliyyət göstərənlərin baş çəkdiyi, hətta Almaniyadan belə həkim dəvət edilərək səhhəti yoxlandığı Leyla Yunus daha çox fiziki təhlükə altında idi, yoxsa davamlı şəkildə hayların təhqir və işgəncələriylə üzləşən Dilqəmlə Şahbaz?

Ümid edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi uzun süründürməçilikdən sonra 2017-ci ildə icraata götürdüyü bu işə yaxınlarda baxacaq və yarı hüquqa, yarı siyasi konyukturaya deyil, tam hüququn aliliyinə dayanan qərar çıxaracaq.

Milli Məclisin deputatı Sahib Alıyev
Azvision.az üçün

Teqlər: Ramil-Səfərov