Albaniya Prezidentindən İlham Əliyevə təbrik

   Albaniya Prezidentindən İlham Əliyevə təbrik
  27 May 2020    Oxunub:3406
Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli сənab Prezident.

İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhtəşəm dostluq münasibətlərinə ən dərin ehtiramımı bildirir, bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə verdiyiniz dəstəyə görə Sizə təşəkkürümü ifadə edirəm.

Enerji sahəsindəki çox sıx əməkdaşlığımız, xüsusilə də TAP layihəsinin həyata keçirilməsində əldə edilən böyük irəliləyiş ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri üçün geniş perspektivlər açmışdır.

Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm.

Bütün dünyanın, eləcə də bizim ölkələrimizin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda arzu edirəm ki, hamımız birgə səylərlə, müdrikcəsinə bu vəziyyətin öhdəsindən gələk, tezliklə gündəlik normal həyata qayıdaq və hər birimiz üçün daha yaxşı gələcəyə sahib olaq.

Sizi tezliklə, ən uyğun zamanda Albaniyada görmək arzumu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Bir daha ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az


Teqlər: Albaniya   Prezident  





Xəbər lenti