“Ermənistan qarşısına qoyduğu hədəflərə çata bilmədi” - Anar Bağırov

   “Ermənistan qarşısına qoyduğu hədəflərə çata bilmədi” -   Anar Bağırov
  27 May 2020    Oxunub:6960
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun işi ilə bağlı Ermənistan dövlətinin şikayəti üzrə açılmış məhkəmə işi ilə əlaqədar qərarının ölkəmiz üçün hüquqi əhəmiyyəti barədə danışıb.
Azvision.az Anar Bağırovun AZƏRTAC-a müsahibəsini təqdim edir:

- Dünən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun işi ilə bağlı Ermənistan dövlətinin şikayəti üzrə açılmış məhkəmə işi ilə əlaqədar öz qərarını elan edib. Yerli və beynəlxalq mətbuatda bu qərarın mahiyyəti barədə çaşqınlıq yarada bilən mülahizələr yer almasına baxmayaraq, qərarın ölkəmiz üçün hüquqi əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

-Bəli, 2020-ci il mayın 26-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərarı elan edib. Qeyd edilən şikayət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digər erməni zabitini öldürməyə cəhd etməsi ilə əlaqədar həmin zabitlərin qohumları tərəfindən Avropa Məhkəməsinə verilmişdir.

Avropa Məhkəməsinin qərarında İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual aspektinin, habelə 14-cü maddəsinin (ayrı-seçkiliyin yolverilməzliyi) pozulması müəyyən edilib. Qeyd olunmalıdır ki, Avropa Məhkəməsi Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin pozulmadığını müəyyən edib. Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, R.Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış etmiş və Azərbaycan hökumətini təmsil etməmişdir. Bunun nəticəsində:

Azərbaycan Hökuməti R.Səfərova qeyd edilən əməlləri törətmək əmrini verməmişdir;

Azərbaycan Hökuməti R.Səfərovun əməllərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz.

Bununla əlaqədar olaraq, ərizəçilərin və Ermənistan hökumətinin təqdim etdikləri mövqelərin əksinə olaraq, Avropa Məhkəməsi tərəfindən R.Səfərovun əməllərinə görə beynəlxalq hüquqi öhdəliklərin yaranmamasının göstərilməsi müsbət hal kimi qiymətləndirilməlidir.

- Avropa Məhkəməsinin qərarında dövlətimizin qarşı tərəfə ödəyəcəyi xərclər və onların həcmi barədə nələr qeyd olunub?

- Qərarda yalnız məhkəmə xərclərinə görə Böyük Britaniyadan olan vəkillərə kompensasiya istisna edilməklə, hər hansı maddi və ya mənəvi ziyana görə kompensasiya müəyyən edilməmişdir.

- Sizcə, bu qərarla Ermənistan dövləti arzuladığı nəticəni hansı dərəcədə əldə edə bildi və ümumiyyətlə, nə əldə etdi?

- Nəticə etibarilə, Ermənistan qarşısına qoyduğu hədəflərə çata bilmədi. Belə ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən diqqəti yayındırmaq üçün bu işi siyasi-diplomatik alətə çevirməyə çalışırdı.

- Avropa Məhkəməsinin məlum qərarının hüquqi əhəmiyyəti ilə yanaşı, onun ölkəmiz üçün beynəlxalq hüquq prizmasından hansı siyasi dividend qazandırması barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Qərarın müsbət tərəfləri ondan ibarətdir ki, Avropa Məhkəməsi ərizəçilərin/Ermənistanın bəzi əsas iddia və tələblərini rədd etmiş, o cümlədən əlaqədar şəxsin əməlinin Azərbaycan dövlətinə aid olduğu (attributable) və buna görə beynəlxalq səviyyədə hüquq pozuntusuna görə məsuliyyət yaratdığı iddiasını rədd etmiş, əlaqədar şəxsin əməlinin Azərbaycan dövləti tərəfindən "açıq və birmənalı şəkildə" "tanınmasına" və "qəbul edilməsinə" inandırıcı əsaslar olmadığını və beləliklə, Azərbaycanın Konvensiyanın 2-ci maddəsini mahiyyəti üzrə pozmadığını qət etmişdir. Eyni zamanda, məhkəmə işin hallarını nəzərə alaraq Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyinin qoyulmasını məqsədəuyğun saymamış, cavabdeh dövlətin Nazirlər Komitəsinin nəzarəti altında ümumi və/ və ya uyğun olarsa, fərdi tədbirlərin görülməsi öhdəliyini və Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarının icrası üçün vasitələri seçmək azadlığına və səlahiyyətinə malik olduğunu qeyd etmişdir.

Azvision.az


Teqlər: VK   Anar-Bağırov  





Xəbər lenti