“Havanın temperaturu gündən-günə yüksələcək” - Umayra Tağıyeva

 “Havanın temperaturu gündən-günə yüksələcək” -    Umayra Tağıyeva
  26 May 2020    Oxunub:8058
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərininə görə, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar: “Hava dəyişkənliyi bir çox hadisələrlə, Abşeron yarımadasında adətən xoşagəlməyən güclü küləklərlə, respublikanın rayonlarında isə, xüsusilə dağlıq və dağətəyi rayonlarda ildırım, dolu və leysan yağışlarla müşayiət olunur. Dəyişkənlik, fiziki xüsusiyyətlərinə görə tamamilə fərqli hava kütlələrinin daima yerdəyişməsi səbəbindən yaranır. Bu ona görə baş verir ki, bizim planetin hər bir ərazisi günəş tərəfindən həm müxtəlif bucaq altında qızdırılır, həm də Yer səthi qeyri-bərabər örtüyə malikdir. Hər saat haradasa güclənən və ya səngiyən siklonların, antisiklonların və atmosfer cəbhələrinin yaranması hava kütlələri ilə əlaqəlidir”.

U.Tağıyeva qeyd edib ki, faktiki hava üzərində müşahidə növbəti dövr üzrə proqnoz üçün vacib informasiya hesab olunur: “Böyük həcmli informasiyaları superkompüterlər emal edir və hesablama aparırlar. Lakin, insan iştirakı olmadan keçinmək mümkün olmur. Kompüter proqramı sinoptikin əməyini yalnız yüngülləşdirir, lakin onu əvəz etmir. Yaz dövründə kifayət qədər tez-tez lokal, kütlədaxili proseslər müşahidə olunur. Onlar həm də relyefin xüsusiyyətlərinə görə müəyyənləşdirilir ki, bunu da kompüter modelləri sadəcə olaraq nəzərə almaq iqtidarında deyillər. Bax, elə yaxın günlərdə, demək olar ki, mayın axırınadək temperaturun aşağı düşməsi və güclü küləklə müşayiət olunan frontal proseslər gözlənilmir. Mülayim küləkli yumşaq hava proqnozlaşdırılır. Havanın temperaturu gündən-günə yüksələcək. Lakin, həmin kütlədaxili proseslər istisna deyil. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında yer səthi kifayət qədər qızdığı zaman, yaz-yay dövrü üçün səciyyəvi olan iri həcmdə, sürətlə yaranan və yuxarı təbəqələrə qalxan məhz isti hava kütlələri nəticəsində dolunun yaranması üçün şərait yetişir. Bu proseslər bir qayda olaraq, bir neçə dəqiqə davam edir və müəyyən zolaqlar üzrə lokal ərazini tutur”.

Xidmət rəisi vurğulayıb ki, bu il aprel ayından başlayaraq Azərbaycan ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub: “Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxsaq görərik ki, əgər 2000 – 2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdısa, sonuncu onillikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib. Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmada nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24, 2014-cü ildə 93, növbəti ildə isə 52 belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az dolu hadisəsi olub, lakin 2018-ci ildə kəskin artaraq 83-ə çatıb. Keçən il isə 54 dolu hadisəsi qeydə alınıb. Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır. Sinoptiklərin işi isə bütün bu hadisələrin gözlənilməz olmamasından ibarətdir”.

Azvision.az


Teqlər: Dolu   ETSN  





Xəbər lenti