Avropada ilk: COVID-19 xəstəsinə ağciyər köçürüldü

  25 May 2020    Oxunub : 3418
Avropada ilk: COVID-19 xəstəsinə ağciyər köçürüldü
Avropada ilk dəfə olaraq Vyananın Tibb Universitetində COVID-19 xəstəsinə ağciyər nəqli edilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən bazar ertəsi kəskin ağciyər çatışmazlığı olan 45 yaşlı bir xəstə üzərində əməliyyat keçirilib. Onun ağciyəri sıradan çıxdığı üçün nəql barədə qərar qəbul edilib.

"Fikrimizcə, o, hazırda çox yaxşı vəziyyətdədir və ciddi problemlə üzləşməmişik. Yavaş-yavaş bərpa olunur. Orqanları yaxşı işləyir, hamımız sevinirik. Ancaq onu xəstəxanadan buraxmağımıza hələ kifayət qədər vaxt tələb olunur”, - universitetin cərrahlıq klinikasının rəhbəri Valter Klepetko deyib.

Onun sözlərinə görə, kritik mərhələ geridə qalıb, kollektiv nikbindir.

Xatırladaq ki, əməliyyatdan bir həftə əvvəl xəstə Avstriya Silahlı Qüvvələrinin helikopteri ilə Klaqenfurtdan Vyanaya aparılıb. Onun yoluxucu xəstəlikləri olmayıb və koronavirusa yoluxmadan əvvəl səhhəti qaydasında olub. Həkimlərin dediyinə görə, bu, əməliyyatın uğurlu nəticələnməsinə kömək edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVİD-19   Xəstə   Əməliyyat