Azərbaycandan Filippinə 200 minlik yardım

  10 Yanvar 2014    Oxunub : 485
Azərbaycandan Filippinə 200 minlik yardım
Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti bu ölkəyə yardım edib
Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.

Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sözügedən vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının qarşılanmasına sərf ediləcək.

Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabrda baş verib. Təbii fəlakət Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarında kəskin şəkildə qıtlığa səbəb olub.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin Hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət etmişdir. Bu müraciətə cavab olaraq, dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı Azərbaycan da Filippinə yardım göstərib.

AzVision.az

Teqlər: