Strasburqda Azərbaycan-Ermənistan çəkişməsi başlayacaq

Strasburqda Azərbaycan-Ermənistan çəkişməsi başlayacaq
  10 Yanvar 2014    Oxunub:1075
Yaxın həftələrdə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üçün önəmli olan iki işə baxacaq. Bunlardan biri Elxan Çıraqov və digərləriin Ermənistana qarşı, o biri isə Minas Sarqsyanın Azərbaycana qarşı qaldırdığı iddialardır.

Məhkəmənin açıqladığı təqvim planına görə, birinci işə yanvarın 22-də baxılacaq. İddianın ingilis dilində olan variantı ilə burada tanış olmaq mümkündür. Altı iddiaçı (onlardan biri artıq vəfat edib) Qarabağ konflikti, onun hüquqi tərəfləri haqqında məlumatı Avropa İnsan Haqları Məhkəməsinin diqqətinə çatdırır, hansı şəraitdə yurd-yuvalarından didərgin düşdüklərini faktlar əsasında göstərirlər. Bildirirlər ki, Ermənistan hökuməti onların mülkiyyət hüququnu pozub və kompensasiya ödəməyib. Əslən Laçından olan iddiaçılar doğma torpaqlarına qayıtmaq tələbini irəli sürürlər. Onlar həmçinin doğma yurdlarını itirən azərbaycanlılara dəymiş maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər.

İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır.

İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur edilməzdilər. Buna görə də iddiaçılar konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələrilə yanaşı milli-dini ayrı-seçkilik maddəsi üzrə də iddia qaldırıblar.

“Minas Sarqsyan Azərbaycana qarşı” adlı ikinci işə fevralın 5-də baxılacaq. Sarqsyan 1929-cu ildə anadan olub, 2009-cu ildə ölüb. Arvadı və uşaqları onun iddiasını davam etdirirlər.

Məhkəmə idiasında deyilir ki, Sarqsyan Qarabağın Gülüstan kədində yaşayıb və savaş başlayanda Azərbaycanın apardığı hərbi əməliyyatlar üzündən ev-eşiyindən didərgin düşüb, əmlakını itirib. Ərizədə həmçinin Azərbaycan ərazisindəki Erməni qəbiristanlıqlarının dağıdıldığı bildirilir. O, öz mülkiyyət hüquqlarının bərpasını, həmçinin dəyən maddi-mənəvi zərərin ödənilməsini istəyir. İddia ərizəsinin ingilis variantı ilə burada tanış olmaq mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti