Naxçıvana yeni Baş Nazir təyin edildi

 Naxçıvana yeni Baş Nazir təyin edildi
  23 May 2020    Oxunub:6726
Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov Muxtar Respublikaya yeni Baş Nazir təyin edilməsi haqqında qərar imzalayıb.
Azvision.az xəbər verir ki, qərara əsasən, Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş Naziri təyin edilib.

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi məsələsinə baxılıb.

Ali Məclis Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.

Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri seçilib.

Xatırladaq ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: Naxçıvan   Baş-Nazir  





Xəbər lenti