Texas və Arizonada 28 May Azərbaycan Günü elan olunub

Texas və Arizonada 28 May Azərbaycan Günü elan olunub
  22 May 2020    Oxunub:2481
ABŞ-ın Texas ştatının dövlət katibi Rut Hyus (Ruth R.Hughs) və Arizona ştatının Finiks şəhərinin meri Keyt Qalyeqo (Kate Gallego) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə rəsmi təbrik bəyanatları ilə çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, hər iki bəyanatda 28 May tarixi Azərbaycanın Milli Günü elan edilib.

Rut Hyus bayram münasibətilə soydaşlarımızı təbrik edib və müstəqil Azərbaycanın ünvanına ən xoş arzularını qeyd edib. Dövlət katibi Texas ştatının da bu bayramın qeyd olunması üçün Azərbaycana qoşulduğunu bəyan edib və Cümhuriyyət qurucularının demokratiyanın yayılmasına bəxş etdikləri töhfələri yaymağa çağırıb.

Keyt Qalyeqonun bəyanatında Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin ilk dünyəvi demokratik respublikası adlandırılıb.

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğuna diqqət cəlb edilib.

Azərbaycan Respublikasının son 30 ilə yaxın dönəmdə öz azadlığını və müstəqilliyini möhkəmləndirdiyi, dünyanın ən sürətli inkişaf edən müasir ölkələrindən birinə çevrildiyi qeyd olunub. Bölgədə güclü iqtisadiyyata malik olan ölkəmizin ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olduğu bir daha vurğulanıb.

Hər il dünyada milyonlarla azərbaycanlının, o cümlədən ABŞ-da yaşayan on minlərlə azərbaycanlının və Finiks şəhər sakinlərinin 28 May tarixini Azərbaycanın Milli Günü kimi qeyd etdiklərini bildirilib.

Mer şəhər sakinlərini Azərbaycanın nailiyyətlərini və tarixi günlərini qeyd etməyə çağırıb.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan   28May  





Xəbər lenti