İlham Əliyev: `Xəzərin suyunu şirinləşdirəcəyik`

İlham Əliyev: `Xəzərin suyunu şirinləşdirəcəyik`
  10 Yanvar 2014    Oxunub:936
“Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcək. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdu. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmamışdı. Bakının kanalizasiya xətləri köhnəlib, bugünkü standartlara uyğun deyil. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir". Bu sözləri prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə deyib.

Prezidentin sözlərinə görə, hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir: "Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir. Əlbəttə ki, burada əsas işləri "Azərsu" Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması işləri də aparılmalıdır”.

Dövlət başçısı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir: “Artıq yüzlərlə kənd o layihələrlə əhatə edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilib. Bu da ilk növbədə, suvarma məqsədləri üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Biz bu praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək üçün də imkan olacaq. Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün qoyulur”.


Teqlər:  





Xəbər lenti