“Ölkəmiz müxtəlif casus qrupların hədəfindədir” - Zahid Oruc

 “Ölkəmiz müxtəlif casus qrupların hədəfindədir”  -    Zahid Oruc
  19 May 2020    Oxunub:3929
“Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla köklü kadr dəyişiklikləri həyata keçirilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, bu, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir.

“Əlbəttə, biz hamımız keçmiş MTN və onun cinayətkar yüksək rütbəli rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə sirləri təkcə təhülkəsizlik orqanları qorumalı deyil. İndi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırki məsuliyyətindən bəhs etmək daha önəmlidir. Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsiziyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. Dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir - istər vəzifədə ol, istərsə də olma”.

Z.Oruc qeyd edib ki, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib:

“Xüsusilə Wikileaks hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı. Lakin müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirlərini qorumadan milli mənafelərini təmin etmək mümkün deyil. Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və casus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirildiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı Qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik. Bir çox ölkələrdə müharibə şəraitinə görə sirlərə çıxış məhdudlanıb, sərtləşdirilib, 3 qat əlçatanlıq sistemi tətbiq olunub. Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı. İkincisi, "Dövlət sirri" haqqında qanunun qəbulundan 15 il keçib və onu daha da təkmiləşdirməyə ehtiyac vardır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Zahid-Oruc  





Xəbər lenti