XİN rəsmisi: “Danışıqlar prosesində yeni sənəd yoxdur”

      XİN rəsmisi:     “Danışıqlar prosesində yeni sənəd yoxdur”
  16 May 2020    Oxunub:8291
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin onlayn mətbuat konfransı zamanı “məxməri inqilabdan” sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni sənədin irəli sürülmədiyi, köhnə təklifin isə məqbul olmadığı fikrinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Leyla Abdullayeva Ermənistan baş nazirinin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə bu cür fikirlər səsləndirməsinin ya onun son iki il ərzində hələ də bu prosesi öyrənə bilmədiyini, ya da bu kimi bəyanatları ilə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü göstərdiyini bildirib.

"Doğrudur, danışıqlar prosesində yeni sənəd yoxdur, çünki yeni sənədə və təklifə heç ehtiyac da yoxdur. Belə ki, danışıqlar ATƏT-in Minsk qrupunun 2019-cu ilin 9 mart tarixli bəyanatında da açıqlandığı kimi, danışıqlar masasında artıq mövcud olan sənəd üzrə aparılır. Maraqlıdır, N.Paşinyan son iki il ərzində Ermənistan xarici işlər nazirinin aparılan danışıqlar prosesində nə işlə məşğul olduğu ilə heç maraqlanıbmı? Bəlkə də bu ilin yanvar ayında Cenevrədə intensiv şəkildə aparılan danışıqlar da daxil olmaqla, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim olunan sənədləri Ermənistan xarici işlər nazirinin öz baş nazirinə təqdim etmədiyi istisna olunmamalıdır. Əgər Ermənistanın hazırkı rəhbərliyinin məqsədi “danışıqlar” pərdəsi altında münaqişənin həllini uzatmaqdırsa, bu yanaşma həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə rədd olunur. Danışıqlar prosesini və beynəlxalq vasitəçilərin səylərini heçə endirmək istəyən işğalçı Ermənistan rəhbərliyinə xatırladırıq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının səyləri də daxil olmaqla, bu ölkələrin vasitəçiliyi ilə uzun illər ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başlıca məqsədi BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması, yüz minlərlə məcburi köçkünün insan hüquqlarının bərpa olunması və beləliklə də bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir.

Ermənistan rəhbərliyi bu kimi bəyanatları ilə aydın şəkildə göstərir ki, hansı ölkə bölgədə sülhün, hansı ölkə isə gərginliyin artırılmasının tərəfdarıdır. Bir daha vurğulayırıq ki, bölgədə vəziyyətin gərginləşməsinin bütün məsuliyyəti tamamilə Ermənistanın üzərindədir", - deyə XİN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: XİN   Leyla-Abdullayeva  





Xəbər lenti