ASAN Qlobal Veb Forum başa çatdı

   ASAN Qlobal Veb Forum başa çatdı
  15 May 2020    Oxunub:3560
“Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun bağlanış sessiyası təşkil olunub.
Azvision.az xəbər verir ki, natiqlər BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) dövlət xidmətləri innovasiyası bölməsinin rəhbəri Con-Mari Kauzya və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli olublar.



Azad Cəfərli dünyanın 25-dən çox ölkə iştirakçısının qoşulduğu Forumun pandemiya şəraitində dövlət idarəçiliyi və xidmətlərinin göstərilməsi, sosial innovasiyalar, logistika və s. sahələrdə cari vəziyyətin, perspektivlərin müzakirəsi, təcrübə mübadiləsi ilə əlaqədar beynəlxalq əməkdaşlığa töhfəsini qeyd edib. Diqqətə çatdırılıb ki, yeni innovasiya və informasiya əsrində reallıqların dərk olunnması üçün yeni platforma olan bu Forumda əldə olunmuş nəticələr və atılacaq addımlar pandemiyadan sonrakı dövrdə də daha təhlükəsiz dünya quruculuğu üçün əhəmiyyətli rol oynayacaq.

Həmçinin bağlanış sessiyasında tədbir iştirakçılarına ünvanlanmış şifahi müraciətdə Forumun gedişatı, müzakirələr, yekunlar və gələcək əməkdaşlığa olan yanaşmalar, istəklər nəzərə alınaraq mövcud formatın davamlı həyata keçirilməsi və daha geniş rakursdan yenidən mövzuları əhatə etməsi üzrə razılıq ifadə edilib.



ASAN Qlobal Veb Forumun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

14-15 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forum keçirilib.

Forumun məqsədi pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etmək olub. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində təcrübə mübadiləsi əsas prioritetlər idi.

Qlobal Veb Forumda Azərbaycan Respublikasının, o cümlədən müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, nazirlər, tanınmış ekspertlər iştirak ediblər.

2 günlük Forum açılış, bağlanış sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olub.

Azvision.az


Teqlər: ASANQlobalVebForum  





Xəbər lenti