Beynəlxalq Ailə Günü münasibətilə videokonfrans keçirildi

Beynəlxalq Ailə Günü münasibətilə videokonfrans keçirildi
  15 May 2020    Oxunub:3526
BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən 15 may Beynəlxalq Ailə Günü elan edilib. Bu təşəbbüs bütün dünya dövlətlərinin diqqətini bir daha ailə məsələlərinə, ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mayın 15-də “Azərbaycan ailəsi pandemiya və postpandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı videokonfrans təşkil olunub.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçən videokonfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, həm tarixi keçmişimiz, həm də nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərimiz və müasirliyə açıq xalq olmağımız bizə Beynəlxalq Ailə Gününü əsl bayram kimi qeyd etməyə imkan verdiyini qeyd edib.

Komitə sədri Azərbaycanın beynəlxalq aləmin bir üzvü olaraq bu ənənəyə qoşulduğunu və bu məqsədlə 2008-ci ildən etibarən həyata keçirilən genişmiqyaslı layihələri, xüsusilə də regionları əhatə edən və təqribən hər il 80-ə yaxın ailənin iştirakı ilə baş tutan Ailə bayramlarının keçirildiyini xüsusi vurğulayıb. Həmçinin pandemiya və postpandemiya dövrünün çətinliklərinin aradan qaldırılması istiqamətində görüləcək işlərin və atılacaq addımlar ətrafında müzakirələrin aparılmasının vacibliyinə toxunub. Qeyd olunub ki, bu dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən həm iqtisadi, həm də sosial-psixoloji məsələlər diqqətdə saxlanılıb, lazımi addımlar atılıb, ailəyə dəstəyin ən müxtəlif formaları həyata keçirilib. Təsadüfi deyil ki, ölkəmizdə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Bahar Muradova ailədaxili ünsiyyətin, münasibətlərin, qarşılıqlı anlayışın, övladlarına görə hər iki valideynin məsuliyyətinin, ailənin cəmiyyət qarşısında məsuliyyətinin bu dövrdə nəzərə alınmaqla, dövlətin ailə siyasətinin həyata keçirilməsinə yeni çalarlar qatılmasının vacibliyini vurğulayıb. İndiki dövrdə komitə tərəfindən daha çox maariflənməyə, təhlilə və analizə üstünlük verildiyi bildirilib. “Hazırkı durumun və postpandemiyanın bizi təhlil etmək və bundan nəticələr çıxarmağa vadar edir ki, bu daha uzun perspektivə yönəlmiş layihələr işləməyib hazırlamağa imkan yaradacaqdır”, - deyə B.Muradova qeyd edib.



Ailə dəyərlərimizin uzun inkişaf yolu keçdiyini bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda monoqam ailə sisteminin qədimdən qəbul olunduğunu və bu ənənənin davam etdiyini bildirib. Komitə sədri bütün dinlərin müqəddəs kitablarında ailənin roluna yüksək qiymət verildiyini bildirib, o cümlədən İslamda ailənin qurulmasına, onun cəmiyyətdə roluna verilən önəmi xatırladıb. Dünyada ailə institutu ətrafında baş verən proseslərdən danışan M.Qurbanlı tarixi ənənələrə söykənən ailə ənənələrimizin qorunmasının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili son 100 ildə dünya iqtisadiyyatının bu miqyasda böhranla üzləşmədiyini bildirib, əvvəlki dövrün böhranlarının daha çox maliyyə, istehsal sahələri ilə bağlı olduğunu, indiki halda isə bütövlükdə böhran vəziyyəti ilə xarakterizə olunduğunu vurğulayıb. Dövlətin böhranla əlaqədar rolunun və nəzarətinin artdığı müddətdə bu vəziyyətdən çıxma şanslarının yüksək olduğunu qeyd edən T.Mirkişili bildirib ki, burada dövlətin rolu artdıqca, paralel olaraq ailənin də rolu artacaqdır.

Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında vətəndaşların formalaşmasında bir qurum olaraq ailənin, eyni zamanda, sağlam psixoloji iqlimin yaranmasında əsas mənbə olduğunu bildirib. Ailəsiz insan cəmiyyətinin mümkünsüzlüyünü vurğulayan deputat ümumbəşəri dəyərlərin istehsal və saxlanma mənbəyi kimi ailənin rolunu yüksək qiymətləndirib. “Psixoloji yardım haqqında” Qanunun qəbul edildiyini və Nazirlər Kabineti tərəfindən psixoloji yardımın göstərilməsi ilə bağlı qaydaların təsdiq olunduğunu bildirən Bəxtiyar Əliyev dünyada ailə institutuna təsirlər fonunda “Ailə psixoloqu” institutunun formalaşdırılması işinin sürətlə davam etdirilməsinin əhəmiyyətli bir vasitə olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycan ailələrini bayram münasibətilə təbrik edib. O, insan kapitalının formalaşması və inkişafının cəmiyyətlər üçün əhəmiyyətini qeyd edərək, yüksək mədəniyyətə malik şəxsin bu kapitalın əsas nüvəsini təşkil etdiyini deyib. Dünyanın müxtəlif dövlətlərinin (Finlandiya, Sinqapur, Yaponiya, Çin və s.) təcrübələrini müqayisəli təhlil edən kulturoloq insan kapitalının formalaşması, inkişafı və səmərəli istifadəsində bu ölkələrdə meritokratik tərbiyənin (cəmiyyət, dövlət üçün ləyaqətli vətəndaşların yetişdirilməsi) ailələrdə üstünlük təşkil etdiyini vurğulayıb. Fuad Məmmədov, həmçinin kulturoloji sahədə Dövlət Komitəsi ilə birgə müxtəlif formatda layihələrin, müsabiqələrin keçirilməsini də təklif edib.

Müzakirələrə yekun vuran Bahar Muradova videokonfrans iştirakçılarına təşəkkürünü bildirib, verilən təkliflərin Azərbaycan ailəsinin inkişafı istiqamətində gələcək fəaliyyət üçün mühüm olduğunu vurğulayıb.

Azvision.az


Teqlər: Ailə-günü   Videokonfrans  





Xəbər lenti