“Tutulan beş icra başçısı çirkin əməllərlə məşğul olub” - Prezident

“Tutulan beş icra başçısı çirkin əməllərlə məşğul olub” -  Prezident
  13 May 2020    Oxunub:5193
Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı çıxışında bildirib: "Siz gənc kadr kimi, ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərməlisiniz. Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır.

Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz. İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır.

Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir.

Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti