"Könüllülər ili" ilə bağlı bəyannamə qəbul edildi

"Könüllülər ili" ilə bağlı bəyannamə qəbul edildi
  12 May 2020    Oxunub:3965
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə "Könüllülər ili" çərçivəsində görüləcək işlərlə bağlı onlayn konfrans keçirilib.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı Milli Məclisin deputatları Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, habelə Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

İclası giriş sözü ilə açan Adil Əliyev iştirakçıları salamlayaraq onlara konfransın işində uğurlar arzuladı. O, koronavirus pandemiyasının (Covid 19) bütün dünyanı iflic etsə də, xəstəliyin Azərbaycanda yarada biləcək fəsadları ölkə Prezidentinin səyləri nəticəsində minimuma endirilməsindən danışıb.

A.Əliyev ölkəmizdə tibbi maska istehsal edən müəssisə və mobil xəstəxanaların açılmasına diqqət çəkərək Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsinin digər ölkələrə də tövsiyə etməsi faktını vurğulayıb.

Sədr müavini gənclər və könüllülər siyasətinin daim dövlətin diqqət mərkəzində olmasını, könüllülərdən istifadə edilməsinin vacibliyini qeyd edib, post pandemiya dövründə könüllülər və gənclərlə bağlı görüləcək işlər barədə fikirlərini bölüşüb, onları müzakirələrdə fəal iştirak etməyə dəvət edib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Regional İnkişaf İctimai Birliyi, “Bir” tələbə könüllü proqramı, Tələbə Gənclər Təşkilatı İttifaqı, Asan könüllüləri, Miqrasiya könüllüləri, Aqrar könüllülər, Elsa, Avropa Gənclər Parlamenti, Böyük İpək Yolu, Gənc Müəllimlər Assosiasiyası, Gənclər Təşkilatı Milli Şurasının rəhbərləri təmsil etdikləri qurumların gördükləri işlər barədə məlumat veriblər.

"Könüllülər ili" çərçivəsində görüləcək işlər barədə aparılan müzakirələrin sonunda bu sahədə görülən işlərin genişləndirilməsi məqsədilə Bəyannamə qəbul edilib.

Bəyannamədə Azərbaycan Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamında nəzərdə tutulmuş tövsiyələrə uyğun gənclərin potensialının düzgün dəyərləndirilməsinin vacibliyi qeyd edilib. Sənəddə könüllülərin koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkməsi və onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanmasının zəruriliyi qeyd edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   Könüllülər-İli  





Xəbər lenti