Sabiq nazir müavini və xidmət rəisinin ələ keçirdiyi pullar - FOTOLAR

 Sabiq nazir müavini və xidmət rəisinin ələ keçirdiyi pullar -    FOTOLAR
  12 May 2020    Oxunub:6022
Dövlət Təhlükəsizliyi Xidməti (DTX tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda bildirilib.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.



Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.



Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.



Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: DTX   Pul  





Xəbər lenti