“Taliban” 17 əfqan polisi və hərbçini azad edib

“Taliban” 17 əfqan polisi və hərbçini azad edib
  11 May 2020    Oxunub:3792
“Taliban” radikal qruplaşması 17 əfqan polisi və hərbçini sərbəst buraxdığını elan edib.
Azvision.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zabihulla Mucahid bildirib. Onun sözlərinə görə, dünən günortadan sonra Badqhis əyalətində 17 hərbçi və polis azad olunub.

Z.Mucahid keçmiş məhbusların geyim və hər birinin 5 min əfqani (təxminən 65 ABŞ dolları) ilə təmin edildiyini deyib.

Daha əvvəl Əfqanıstan Milli Təhlükəsizlik Şurası hakimiyyətin “Taliban” radikal qruplaşmasının min nümayəndəsini həbsdən azad etdiyini açıqlamışdı.

“Taliban” ABŞ ilə razılaşma əsasında, Əfqanıstan hakimiyyətindən 5 min məhbusun sərbəst buraxılmasını tələb edir. Əfqanıstan hökuməti isə tədricən 1500 məhkumun buraxılmasına razılıq verib.

Qeyd edək ki, fevral ayının sonunda Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibədən sonra ilk sülh sazişi imzalayıb. Sazişdə 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılması və məhbusların mübadiləsi nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti