"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

  10 May 2020    Oxunub : 3622
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.
Bunu Azvision.az a qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

Onun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika da ayrılıb: "Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb. Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb".

"Azərişıq" rəsmisi abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar: "Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ki, elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı Mərkəzi" ilə əlaqə saxlasınlar. Xatırladım ki, son illər "Azərişıq"ın elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur".

Azvision.az

Teqlər: Azərişıq