Şuşa xəyanətin qurbanı oldu - Deputatın yazısı

   Şuşa xəyanətin qurbanı oldu -    Deputatın yazısı
  08 May 2020    Oxunub:4685
Bu gün Şuşasızlığın 28 ilini yad edirik. Azərbaycanın incisi, Qarabağın mirvarisi 28 ildir yad əllərdə, düşmən tapdağındadır. Hər ilin bu günü yetişəndə qəhər bizi boğsa da, Şuşalı günlərə qayıtmaq inamımız əsla azalmır, əksinə zaman keçdikcə o torpaqlar bizə daha da yaxınlaşır. Çünki bizi o torpaqlara sarsılmaz mənəvi tellər bağlayır.
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”, - deyirdi ulu öndər Heydər Əliyev. Ulu öndər bildirirdi ki, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır...

Bəli, Şuşa elə bir qala idi ki, “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi illərlə mühasirədə olmasına baxmayaraq, buranı fəth etmək heç bir sərkərdəyə nəsib olmamışdı. Heç erməni quldurlarına və terrorçu dəstələrinə da nəsib olmayacaqdı. Amma üç amilin vəhdəti sonda faciəvi 8 may gecəsinə gətirib çıxardı. Daxildəki xəyanət, xristian həmrəyliyi və müsəlman biganəliyi bizi o torpaqlardan ayıran səbəblərə vəsilə oldu.

Müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövləti bəlkə də tarixinin ən ağır sınağı ilə üz-üzə qalmışdı. Hakimiyyət uğrunda didişmələrin səngimək bilmədiyi bir vaxta Ermənistan dövlətinin hərbi təcavüzünə məruz qalmış Azərbaycan xalqı bir tərəfdən beynəlxalq siyasi dairələrin riyakar davranışları, digər tərəfdən isə sözdə İslam həmrəyliyini əlində bayraq tutan bəzi kəsimlərin laqeyd münasibəti ilə üzləşdi. Sanki bütün dünya bizə qarşı birləşmişdi. Tarixin ironiyasına və ədalətsizliyinə baxın ki, təcüvüz və etnik təmizləmə siyasətinin qurbanı olan Azərbaycan xalqı Qərb dövlətlərinin gözündə “işğalçı”, bütün bu naqis əməlləri həyata keçirən Ermənistan dövləti isə “məzlum xristianlar” obrazı yaratmışdı. Elə bu prosesin məntiqi davamı idi ki, 1992-ci ildə ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş”i qəbul etdi. Ölkəmizin informasiya siyasətinin ümumiyyətlə mövcud olmaması, eyni zamanda erməni lobbisinin fəal surətdə təbliğat aparması son nəticədə Ermənistanın xristian təəssübkeşliyinə sığınmasını şərtləndirdi. Və beləliklə, işğalın reallaşmasına dini zəmin hazırlanmış oldu. Təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan dövlətinin ölkəmizə qarşı işğalçılıq siyasəti müsəlman dünyasının qeyri-adekvat yanaşması ilə müşayiət olunurdu. Müsəlman həmrəyliyindən çıxış edən və İslam dünyasında liderliyə can atan bəzi xarici siyasi dairələr düşmənin arxa cəbhəsində Azərbaycana qarşı birləşmişdilər. Hər halda Qarabağ savaşı tarixə müsəlman həmrəyliyinin ən rüsvayçı səhifələri kimi düşəcək.

...Şuşa xəyanətin qurbanı oldu. Erməni quldurları bu şəhəri almaq hünərinə və gücünə sahib deyildilər. Azərbaycanda hakimiyyətdaxili çəkişmələr ölkədə siyasi hərc-mərcliyin hökm sürməsinə rəvac vermişdi. Yuxarıda sadaladığım faktorlara görə tamamilə blokada şəraitinə düşən Azərbaycan bir də daxildə ayrı-ayrı qrupların iqtidar savaşına meydan olmuşdu. Xalqımız vətəndaş müharibəsinin astanasına gəlib çıxmışdı. Ordu başıpozuq dəstələrdən təşkil olunmuşdu. Vahid mərkəzdən idarəçilik mümkünsüz hala gəlmişdi. Düşmən yaraqlıları Şuşanın iki addımlığında dayanmasına baxmayaraq, o vaxtkı ölkə rəhbərliyindən heç kəs vəziyyətin ciddiliyini anlaya bilməmişdi. Halbuki, Xocalı faciəsindən sonra oxşar hadisələr gözlənilirdi və buna hazırlıqlı olmaq lazım idi. Respublikanın silahlı qüvvələrinin Şuşada cəmləşməli olduğu bir vaxtda, əksi oldu: Bütün ordu birləşmələri və silah-sursat şəhərdən çıxarıldı, Şuşa tamamilə müdafiəsiz qaldı və beləliklə, Dağlıq Qarabağın son qalası düşmənə təslim (və ya təhvil) edildi.

Azərbaycan xalqı nəyin bahasına olursa-olsun işğal altındakı torpaqlara qayıdacağına və Şuşa qalasının üzərinə şanlı bayrağını sancacağına əmindir. Hər ötən gün bu əminlik daha da artır. Artıq 90-cı illərin əvvəllərindəki şəraitdən əsər-əlamət yoxdur. Regionda tamamilə yeni geosiyasi reallıqlar formalaşdıran Azərbaycan bütün parametrlər üzrə düşməni böyük fərqlə üstələyir. Artıq blokada şəraitində yaşayan dövlət Ermənistandır və blokada hər keçən gün daha da daralır. İşğal faktına son qoyulana qədər bu proses davam edəcək. Artıq dünya bizim haq səsimizə cavab verir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hörmətlə yanaşır. Ermənistanın işğalçılıq siyasəti isə beynəlxalq platformalarda ifşa olunmağa davam edir. Əlbəttə ki, bütün bunları şərtləndirən ən başlıca amil Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə möhkəmlənən roludur. Hələlik sülh yoluna sadiqliyimizi nümayiş etdirsək də, bu, müəyyən bir mərhələyə qədər davam edəcək. Danışıqlar vasitəsinin tamamilə tükəndiyinə əmin olduğumuz an böyük müharibə qaçılmaz olacaq. Buna hər bir haqqımız çatır. Beynəlxalq hüquq bizim yanımızdadır. Hər bir işğal altındakı rayonumuzun azadlığa qovuşacağı gün uzaqda olmadığı kimi, Şuşanın başındakı qara buludlar da tezliklə yox olacaq...

Siyasi elmlər doktoru, millət vəkili
Elşad Mirbəşir oğlu

Azvision.az üçün


Teqlər: Şuşa   Deputat  





Xəbər lenti