Müxalifət yenə `boşandı`

Müxalifət yenə `boşandı`
  07 Yanvar 2014    Oxunub:966
Emin Piri

Atalarımızın yalançısıyam, deyir, yeni ili necə açarsan, il boyu elə davam edəcək. Beləliklə, 2013-cü ili geridə qoyduq. Gözümüzü ovuşdurmağa macal tapmamış eşitdik ki, müxalifət dağılıb. Daha düzgün ifadə etsək, Müsavat AXCP-dən boşanıb.
Bunların ayrılmağı bir yana, arada qalan bic doğulmuş yetimçəyə (Milli Şuraya) adamın yazığı gəlir. Bic ona görə deyirəm ki, hələ də kimin proyekti olduğu nə siyasi, nə tibbi baxımdan bilindi. Bəlkə də bu acı sonluğu bilinməyən müəlliflik hüququ yaratdı.

Qan qardaşı kimi birləşmə görüntüsü yaradan, şeşi-beş edəcək, ay nə bilim, Fərhad kimi dağları dələcək müxalif partiyalar 6 aylıq körpəyə siyasi aləmdə `inqə` deməyə macal vermədən özləri bir-birinə ittiham səsləndirməyə başladı. Olan-qalan müxalifət üzvləri yenidən qadın qeybətilə `əsl müxalifət` axtarışına başladılar.

Söz “əsl müxalifət”dən düşmüşkən, axı “əsl müxalifət” kimdi? AXCP-nin yanında ol, deyəcəklər, Müsavat hakimiyyətə satılıb, hələ 2005-də belə oyuna gediblər, Müsavatın yanında ol, deyəcəklər bunlar hələ XX əsrin son parlament seçimlərində iqtidarın qılıncının altından keçib. Rüstəm İbrahimbəyovun haqqında dedilər “rus proyektidir”, Cəmil Həsənlinin barəsində söylədilər “qərb proyektidir” və s. və i. və a...

Hər şey göz qabağındadır. Yenə bu il bir-birini ittiham edəcəklər, məğlubiyyətdə bir-birini günahlandıracaqlar. Gələn il parlament seçkiləri var. Bu il bir-birini günahlandırmaq, ittiham etmək ili olacaq. Seçkilərə bir neçə ay qalmışsa guya təşkilatlanmağa başlayacaqlar, açıqlamalar verəcəklər, seçkidən sonra can verəcək yeni qurumlar yaradıb guya birləşəcəklər. Bir neçə mitinq olacaq, kimlərsə iştirak edəcək, sonra da “belə müxalifətin mitinqində nə azarım vardı” deyəcək...

Onlara görə, 20 ildir müxalifət hakimiyyətə gələ bilmirsə, günahkar xalqır. İki partiya kiçik bir qurumda 6 ay duruş gətirə bilmir. Günahkarı yenə xalq olur. Nəymiş - istənilən dəstəyi xalq vermirmiş. Bu xalq doğrudan da, bir cəhətdən yazıq və yarımamış xalqlardandır ki, belə müxalifəti var.

Parlament seçkilərində müxalifətin uduzmasının günahkarı yenə xalq olacaq. Hansı dəstəkdən danışmaq olar ki, bu il baş verənlər göz qabağında oldu. Belə bir şoudan sonra xalqdan hansısa dəstək gözləmək ən azından sayğısızlıq deyilmi?

2015-ci ildə müxalifətin indiki kimi dəstəyi olarsa, bunu fantastik uğur kimi qiymətləndirmək olar. Çünki baş verənlərdən sonra kiminsə, mən daxil olmaqla bunlara inanması bundan sonra gerçək deyil.

Zatən birləşə bilmirsiniz, yalançı şouların nə adı var? Hər dəfə daha artıq biabır olmaq üçünmü? Çünki bu, birinci kərə deyil ki, baş verir. Hər seçkidə eyni tamaşanın şahidi oluruq. Bu qədər gözdən düşmək əvəzinə xalqı adatmadan, şou göstərmədən ayrı-ayrılıqda bəlkə də kiçik uğurlar qazanmaq olardı.

Maliyyə deyirdiniz- öncə Rusiyadan, sonra özünüzün yaxşı bildiyiniz yerlərdən gəldi.
Mitinq və hətta mitinqlər deyirdiniz - oldular.
Seçki deyirdiniz - o da oldu.
İndi nə olsun?


Teqlər:





Xəbər lenti