Miqrasiya orqanları rəhbərlərinin videokonfrans formatında görüşü keçirildi - FOTO

  Miqrasiya orqanları rəhbərlərinin videokonfrans formatında görüşü keçirildi -    FOTO
  07 May 2020    Oxunub:3131
7 may 2020-ci il tarixdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi dövlətlərin miqrasiya orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilib.
Azvision.az xəbər verir ki, tədbir 10 apreldə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşündə irəli gələn məsələlərin müzakirəsinə həsr olunub.

Videokonfransda Türk Şurasının baş katibi ilə yanaşı Türkiyə, Qırğız, Qazaxıtan, Özbəkistan və Macarıstan Respublikalarının miqrasiya orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Sədr ölkə olaraq tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ölkəmiz tərəfindən Türk Şurasının dünyada nüfuzunun daha da artırılması, dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylər göstərdiyini bildirib.



Xidmət rəisi söyləyib ki, koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayıldığı bir dövrdə məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində Fövqəladə Zirvə Görüşünün təşkili dünya miqyasında baş verən proseslərə operativ reaksiyası ilə seçilən Türk Şurasının bu cür nümunəvi addım atan ilk beynəlxalq təşkilat olaraq qəbul edilməsi ilə nəticələnib.

Vüsal Hüseynov Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün çevik, zəruri qabaqlayıcı addımların atıldığını və yaranmış şəraitə uyğun məhdudlaşdırıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə bu ilin əvvəlində yaradılan və Dövlət Miqrasiya Xidmətinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə COVID-19-un yayılmasının qarşısının alınması prosesində miqrasiya məsələləri də daxil olmaqla mövcud vəziyyətə uyğun qərarlar qəbul edilib, bu sahədə müvafiq prosedurların sadələşdirilməsi istiqamətində müəyyən işlər görülüb. Xidmət rəisi pandemiyanın dünyada yayılması nəticəsində ən çox təsirə məruz qalmış sahələrdən birinin də miqrasiya olduğunu vurğulayıb, dövlətlər tərəfindən beynəlxalq sərhədkeçmələrə tətbiq olunan məhdudiyyətlərin mənşə ölkəsindən kənarda olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxardığını diqqətə çatdırıb. Dünyada baş verən hadisələr fonunda insanların yerdəyişməsi məsələlərinin tənzimlənməsinin vacibliyi və bu baxımdan bugünkü görüşün əhəmiyyət kəsb etdiyini söyləyib.

Xidmət rəisi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunmasını təmin etmək məqsədilə onlara mövcud şərtlər daxilində həyata keçirilən xidmətlərin daha rahat və əlçatan olunması istiqamətində atılan addımlardan danışıb. Əcnəbilərin ölkədə olmalarını və yaşamalarını təmin etmək üçün müvafiq prosedurların sadələşdirildiyi və və elektronlaşdırıldığını deyən Vüsal Hüseynov hazırda əcnəbilərin rahatlığının təmin edilməsi, ehtiyaclarının lazımi və operativ qaydada qarşılanmasının ən ümdə çağırışlardan olduğunu bildirib. İştirakçı ölkələr arasında mövcud tarixi və mədəni bağlılığın, eləcə də miqrasiya axınlarının intensivliyini xüsusi vurğulayan Xidmət rəisi bu prosesin daha effektiv şəkildə idarəolunması üçün birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Xidmət rəisi hazırki iclasın əməkdaşlığın yalnız mövcud vəziyyətdə deyil, postpandemiya dövründə də inkişafına töhfəsini verəcəyinə və ölkələrin rifahına xidmət edəcəyinə inandığını bildirib. O, Azərbaycanın miqrasiya sahəsində üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığa önəm verdiyini vurğulayıb, üzv dövlətlər ilə artıq imzalanmış və razılaşdırılmaqda olan beynəlxalq müqavilələrin bunun əyani göstəricisi olduğunu qeyd edib.

İclas çərçivəsində üzv və müşahidəçi dövlətlər tərəfindən onların ərazilərində olan və yaşayan əcnəbilərə münasibətdə pandemiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən prosedurlar müzakirə olunub, sözügedən dövlətlərin vətəndaşları ilə bağlı statistik məlumatların mübadiləsi aparılıb.

Təşkilatçı ölkə qismində Azərbaycan tərəfinə təşəkkürünü bildirən Türk Şurasının Baş Katibi Bağdad Amreyev çıxışında iştirakçı dövlətlər arasında mövcud əməkdaşlığın güclənəcəyinə əminliyini ifadə edib.

İclasın yekununda Türk Şurasına üzv və müşahidəçi dövlətlər arasında dil və mədəniyyət yaxınlığı, qarşılıqlı miqrasiyanın intensivliyi nəzərə alınaraq, mövcud böhran şəraitində, eləcə də sonrakı mərhələdə müzakirələrin davam etdirilməsi, qarşıya çıxan məsələlərin operativ həll olunması, birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə Türk Şurası çərçivəsində üzv və müşahidəçi dövlətlərin müvafiq qurumlarının nümayəndələrindən ibarət işçi qrupun yaradılması təklifi irəli sürülmüş və yekdilliklə qəbul edilib.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti